“Rusiya–Ukrayna müharibəsindən sonra qardaşlarım Azərbaycana gəlib və Qarabağda tenderdə qalib gələn şəxslərlə birgə iş görüblər. Lakin bu fəaliyyətdən heç bir gəlir əldə etməyiblər, əksinə, qoyduqları vəsaiti də bu günədək geri ala bilməyiblər. Nəticədə gördülər ki, Azərbaycanda biznes qurmaq heç də asan deyil”.
Turkustan.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev TV Müsavat-da yayımlanan “Canlı söhbət” verilişində deyib. Deputat bildirib ki, qardaşları Azərbaycanda dələduzluğun qurbanı olublar:
“Bir nəfər qardaşımdan 1 milyon manat pul alıb və ona qarşı dələduzluq edib. Söhbət keçmiş deputat Əhəd Əhmədov və onunla birgə daha üç nəfərdən gedir. Qardaşım bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Pulu ondan tikinti işi qurmaq adı ilə almışdılar. Daha sonra isə dövlət adından saxta “kupça” təqdim etmişdilər”.
Razi Nurullayev qeyd edib ki, bu hadisədən sonradan xəbər tutub: “Mənim bundan xəbərim olmayıb. Hadisəni sonradan öyrənmişəm. Hazırda iş hüquq-mühafizə orqanlarının nəzarətindədir. Onların köməkliyi ilə qardaşım pulun üçdə ikisini geri ala bilib”.
Xatırladaq ki, Əhəd Əhmədov 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat olub. O, İmişli rayonunun Göbəktala kəndindəndir. 1991-ci ildən “Günəş” Elm-İstehsalat Assosiasiyasının direktoru, 1994-cü ildən Azərbaycan Kurortlar Birliyinin şöbə rəisi, 1996-cı ildən “Azəri” firmasının direktoru, 2000–2005-ci illərdə Füzuli rayon şərab zavodunun direktoru vəzifələrində çalışıb.
O, 2005-ci ildə keçirilən seçkilərdə bitərəf kimi deputat mandatı qazanıb. 2010-cu ilə kimi Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü olub.