Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğluna Dubayda toy etməsi ictimaiyyətin diqqətini cəlb edib. Mərasim Dubayın nüfuzlu “Ritz-Carlton” otelində təşkil olunub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, toydan sonra deputatın qardaşı Hasil Nurullayevin kimliyi və keçmiş fəaliyyəti yenidən gündəmə gəlib.
Hazırda xaricdə yaşayan jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında yazıb ki, 2010-cu ildə Sankt-Peterburqda yerləşən “Usadba” restoranının parkinqində Rusiya vətəndaşı olan Hasil Nurullayev bir qrup şəxs tərəfindən beysbol dəyənəkləri ilə ağır döyülüb. Onun sözlərinə görə, hadisə zamanı təsadüfən ərazidə olan hüquq-mühafizə orqanlarının əməkdaşları onun həyatını xilas edib:
“İstintaq materiallarında bildirilir ki, faktla bağlı “qrup halında əvvəlcədən əlbir olaraq qətlə cəhd” maddəsi ilə cinayət işi başlanıb. İstintaqın ilkin versiyalarına əsasən, hadisənin maliyyə mübahisəsi zəminində baş verdiyi iddia olunub.
Hadisədən sonra Hasil Nurullayevin Rusiyanı tərk etdiyi və müxtəlif dövlət qurumlarına müraciət edərək təhlükəsizliyi ilə bağlı kömək istədiyi bildirilir.

Araşdırmalar zamanı qətl cəhdinin sifarişçisi kimi İlham Əliyev adlı şəxsin adı çəkilib. Qeyd olunur ki, İlham Əliyev Hasil Nurullayevin həyat yoldaşının yaxın qohumudur. Tərəflər arasında bir müddət sonra münasibətlərin normallaşdığı, cinayət işinin isə uzun illər açıq qaldığı bildirilir.
Son illərdə iş üzrə icraçılardan birinin saxlanılması ilə istintaq yenidən aktivləşib. Saxlanılan şəxs ifadəsində sifarişçi kimi eyni şəxsin adını çəkib. Bundan sonra Hasil Nurullayev zərərçəkən və şahid qismində istintaqa cəlb olunub. Uzunmüddətli məhkəmə araşdırmalarından sonra ötən ilin avqustunda hökm elan edilib və adı çəkilən şəxs “adam öldürməyə cəhd” maddəsi ilə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Razi Nurullayevin qardaşları Hasil və Hüseyn Nurullayevlər, eləcə də Dubayda toyu olan qardaşı oğlu Şahin Nurullayev artıq 20 ilə yaxındır ki, Sankt-Peterburqda daşınmaz əmlak və tikinti sahəsində biznes fəaliyyəti ilə məşğuldurlar.
Onların “Perspektiva”, “Alternativa”, “Elizaveta”, “Orion”, “Munir”, “Olimp-Finans”, “Asset”, “Yabloko”, “Avrora”, “Merkuri”, “Şans” və “Rik” daxil olmaqla bir sıra şirkətlərin təsisçisi və ya sahibi olduqları qeyd olunur”./“Yeni Sabah”