28 May – Müstəqillik Günü münasibətilə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Mahmud Kaşqari adına Beynəlxalq Fondu ilə birgə tədbir keçirib.
MKS-dən Turkustan.az-a bildirilib ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurucularının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova müstəqillik tariximizin əhəmiyyətindən danışıb, AXC-nin müsəlman Şərqində ilk parlamentli respublika olduğunu, qısa müddətdə böyük islahatlara imza atdığını bildirib.
Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev vurğulayıb ki, AXC-nin irsi bu gün müstəqil Azərbaycanın dövlətçilik təməllərini təşkil edir və hər il bu əlamətdar gün böyük təntənə ilə qeyd olunur.
Tədbirdə tanınmış alim və ədiblər – Reyhan Mirzəzadə, Gülzar İbrahimova, Esmira Fuad, eləcə də Özbəkistandan gələn qonaqlar AXC-nin Türk dünyası üçün əhəmiyyətindən danışıblar, onun tariximizdəki yerini yüksək dəyərləndiriblər.
Ali məktəb tələbələri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Həmçinin iştirakçılar “İstiqlalımız əbədidir” adlı kitab sərgisi ilə tanış olublar.
Sonda tədbir iştirakçıları Məhəmməd Əmin Rəsulzadənin büstünü və AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər.