Qurban bayramı ərəfəsində heyvan bazarlarında alış-veriş canlanıb. Artıq bir çox ərazilərdə ətin qiymətində artım müşahidə olunur. Satıcılar bunu tədarükdəki azalma ilə izah etsələr də, alıcılar qurbanlıq tələbatının yüksəlməsi ilə əlaqələndirirlər. Bahalaşma bayramqabağı dövrdə bazarlarda gərginlik yaradıb.
Azərbaycanda ət yenə bahalaşacaq?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, ölkədə ətə olan tələbat ildən-ilə artsa da, istehsal zəifdir:
“Bu səbəbdən hər il ətin qiyməti bahalaşır. Əvvəllər diri heyvan bazarlarında qiymətlər qəssabxanalarla müqayisədə daha ucuz olurdu və arada 1-2 manat fərq müşahidə edilirdi. Lakin Qurban bayramı ərəfəsində diri heyvanlara olan tələbatın artması bu bazarda qiymətlərin yüksəlməsinə səbəb olub. Hazırda qəssabxanalarda da ətin qiymətində artım var. Əvvəl 19 manata satılan quzu əti indi 21-22 manata təklif olunur. Ehtimal edilir ki, bayramdan sonra qiymətlər əvvəlki səviyyəyə qayıdacaq”.
Akif Nəsirli
Ekspert bildirib ki, qiymətlərdə artım tendensiyası bu il də davam edəcək:
“Çünki bunun qarşısının alınması üçün real və effektiv tədbirlər görülmür. Hazırda əsas diqqət işğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişafına yönəlib. Lakin bu da uzunmüddətli prosesdir. Sözügedən ərazilərdə aparılan minatəmizləmə işlərinin ləng getməsi həmin sahənin inkişafını gecikdirir.”