Azərbaycan Zəngəzur və İrəvanı bu halda geri ala bilər – Şərt var


Bu gün İrəvanın Ermənistana verilməsinin 107-ci ildönümüdür. 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra Zəngəzur dəhlizinin açılması məsələsi yenidən gündəmə gəldi. Bu proses fonunda bir çox ekspertlər Azərbaycanın tezliklə tarixi torpaqları olan Zəngəzur və İrəvanı geri qaytarması, Qərbi azərbaycanlıların isə öz ata-baba yurdlarına qayıtmasının vaxtının çatdığı barədə açıqlamalar verdilər.

Azərbaycan İrəvanı və Zəngəzuru necə geri ala bilər? Beynəlxalq hüquq, tarixi sənədlər, faktlar buna imkan tanıyırmı? Rəsmi Bakı bununla bağlı beynəlxalq müstəvidə iş aparırmı?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov bildirib ki, İrəvan və Zəngəzur tarixən Azərbaycan torpaqları olub, lakin bu ərazilərlə bağlı hər hansı rəsmi iddia beynəlxalq hüquq baxımından çətinliklər yarada bilər:

“Bu torpaqlar hazırda beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın tanınmış sərhədləri daxilində hesab olunur. BMT də Ermənistanı bu sərhədlər çərçivəsində tanıyır. 1991-ci il Almatı Bəyannaməsinə əsasən keçmiş SSRİ respublikaları bir-birinin sərhədlərini tanıyıblar. Bu gün beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın Zəngəzur və İrəvanla bağlı rəsmi iddia irəli sürməsi olduqca mürəkkəb məsələdir”.

Politoloq qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Zəngəzur dəhlizi gündəmə gəlib və Azərbaycan bu məsələdə israrlı mövqeyini davam etdirir:

“Rəsmi Bakı Zəngəzur dəhlizinin açılmasını tələb edir, lakin Ermənistana qarşı ərazi iddiası irəli sürülmür. Bu, Azərbaycanın beynəlxalq imicini qorumaq baxımından da vacibdir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Zəngəzur tarixi Azərbaycan ərazisidir. Bu yanaşma birbaşa ərazi iddiası kimi yox, daha çox tarixi yaddaşın bərpası və ictimai şüurun formalaşdırılması istiqamətində diplomatik və ideoloji addımdır”.

veli

Vəli Əlibəyov

V.Əlibəyov əlavə edib ki, rəsmi Bakının Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı məsələsini gündəmə gətirməsi insani və mədəni hüquqların qorunmasıdır:

“Heç bir ölkə ona məxsus olan torpağı könüllü olaraq, sülh yolu ilə geri qaytarmır. Ermənistan 30 ildən çox müddət ərzində, işğal etdiyi əraziləri belə, danışıqlar yolu ilə geri vermək istəmədi. Dünyada humanitar və mədəni ekspansiya kimi təcrübələr var. Bu, tədricən həmin ərazilər üzərində ideoloji, iqtisadi və mədəni təsir imkanları yaradır. Tarixi faktların və mədəni irsin beynəlxalq aləmdə tanıdılması, elmi institutlar və lobbi qrupları vasitəsilə belə təsir mümkündür”.

Politoloqun fikrincə, Ermənistan Azərbaycandan çox asılıdır və bu, gələcəkdə rəsmi Bakıya əlavə imkanlar yarada bilər:

“Beynəlxalq layihələrə Ermənistanın qoşulması üçün müəyyən şərtlər irəli sürmək mümkündür. Elə bir geosiyasi vəziyyət yarana bilər ki, Ermənistan heç bir problem yaratmadan, bu əraziləri könüllü şəkildə Azərbaycana təhvil verər”.


MANŞET XƏBƏRLƏRİ