Bakıda yaxın aylarda genişmiqyaslı söküntü işlərinə başlanacağı gözlənilir. Şəhərin bir sıra köhnə və qəzalı tikililərinin yerində yeni yaşayış komplekslərinin inşası planlaşdırılır.
Bu səbəbdən, xüsusilə kvadratı az olan evlər üçün kompensasiya və ya satış qiymətlərinin yenidən müəyyənləşdirilməsi gündəmdədir.
Bazar dəyərinə yaxın qiymətlərin qorunması, vətəndaşların ədalətli şəkildə razı salınması baxımından vacibdir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə bildirib ki, bütün hallarda həm vətəndaşlar, həm də tikinti şirkətləri bu prosesdə qarşılıqlı hörmətlə razılaşmaya getməlidir:
"Bu çox həssas bir məsələdir. Qanunla mülkiyyətçinin öz əmlakını satmamaq hüququ var və bunu heç kim poza bilməz. Amma mövcud şəhərsalma qaydaları, yeni qanunvericilik aktları da var. Bu proses həyata keçirməlidir, şəhərsalmanın qabağını almaq da olmaz. Bakının mərkəzində birmərtəbəli kommunal şəraiti ötən əsrin tələblərinə uyğun olan, minimum yaşayış şərtlərinə cavab verməyən, istismar müddətini çoxdan başa vuran və qəzalı vəziyyətdə olan tikililərin qalması düzgün yanaşma deyil.
Nazirlər Kabineti qiymət tənzimləyən qurum deyil. Nazirlər Kabineti bu məsələdə hələ ki, nəyəsə müdaxilə edə bilmir. Bəzən tikinti şirkətləri bu arqumenti vətəndaş qarşısında vəziyyətdən çıxmaq üçün qeyri-qanuni formada istifadə edir. Bu da doğru yanaşma deyil. Misal üçün tikinti şirkəti deyir ki, Nazirlər Kabineti 2 min AZN vəd edib. Lakin vətəndaşlar bilməlidir ki, belə bir şey yoxdur. Nazirlər Kabineti rəqəm müəyyən etmir".
Ekspert əlavə edib ki, əgər hər hansı tikili dövlət tərəfindən sökülürsə, müvafiq zərurətdən meydana gələrək fərman, sərəncam və digər müvafiq normativ hüquqi aktların icrası çərçivəsində satınalma yolu ilə prosesə qiymətləndirici cəlb edilir:
"Qiymətləndirici həmin əmlakı qiymətləndirir və o da mövcud praktikaya və qanunvericiliyə uyğun olaraq əlavə 15-30 faiz kompensasiya ödəyir, vətəndaş əmlakını tərk edir. Bəzən elə olur ki, vətəndaşa məxsus tikilinin sahəsi həddən artıq az olur. Bu sahələrə görə ödənilən kompensasiya vətəndaşa mənzil sahibi olmaq imkanı vermir. Bununla bağlı hesab edirəm ki, tikinti şirkətləri bir qədər insaflı, ədalətli davranmalıdır. Amma bunu da etiraf etməliyik ki, bir çox hallarda tikinti şirkətləri də çox çətin durumda qalırlar. Bu da vətəndaşların həddən artıq kompensasiya tələb etməsi ilə əlaqədar olur.
Təbii ki, heç kim öz evindən pulsuz çıxmayacaq. Bu zaman vətəndaşlara söküləcək evlərinin yerində inşa olunacaq binalardan mənzillər təklif olunur. Həmin ərazidəki mənzil sahibləri müvəqqəti olaraq 3 ilə qədər kirayə evlərə köçürülür. Onlara kirayə haqqı da ödənilir. Vətəndaşın evi 50 kvadrat olursa, ona əlavə 20 kvadrat artıq mənzillər təklif olunur.
Bütün hallarda həm vətəndaşlar, həm də tikinti şirkətləri bu prosesdə qarşılıqlı hörmətlə razılaşmaya getməlidir. Tikinti şirkəti vətəndaşı da başa düşməlidir. Kvadratı az olan vətəndaşlara verilən kompensasiyanın məbləği 4 mn AZN olmalıdır. Eyni zamanda kvadratı çox olan vətəndaşa isə differensiallaşma tətbiq edilsin, 2500 manat kompensasiya verilsin".