Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçından ölkəsinə qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.
Turkustan.az-ın məlumatına görə, o, Cənubi Qafqazda sülh və əməkdaşlıq çağırışlarını bir daha təkrarlayıb, Zəngəzur dəhlizinin strateji əhəmiyyətinə diqqət çəkib.
Ərdoğan bildirib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın Naxçıvanla quru bağlantısını deyil, həm də Türkiyə vasitəsilə Türk dünyasına uzanan yeni inteqrasiya xəttini formalaşdıracaq.
“Cənubi Qafqazda artıq münaqişəni deyil, sülhü və sabitliyi görmək istəyirik. Bölgədə təmin olunacaq davamlı sülh hər kəsə fayda verəcək,” - deyə Ərdoğan qeyd edib.
O, Azərbaycanın Ermənistanla barış prosesinin perspektivindən məmnun olduqlarını bildirib: “Bu prosesi yaxından izləyirik və zəruri dəstəyi veririk. Sülh yalnız Azərbaycan və Ermənistan üçün deyil, bizim üçün də dəyərlidir”.
Ərdoğan, həmçinin Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin davam etdiyini vurğulayaraq bildirib ki, “həm sülh, həm də normallaşma təmin olunduqda bütün ölkələr bunun müsbət nəticələrini görəcək.”
Zəngəzur dəhlizinin açılmasının regionun nəqliyyat və enerji infrastrukturuna güclü töhfə verəcəyini deyən Ərdoğan qonşu İranı da bu proseslərdə konstruktiv mövqe tutmağa çağırıb:
“İranın da bölgəmizdə sülhə, inkişafa və əməkdaşlığa xidmət edəcək bu addımlara dəstək verməsini gözləyirik. Bu "qazan-qazan" mühitindən onların da faydalanmasını istəyirik.”
Türkiyə Prezidenti əlavə edib ki, atılan hər bir addım, açılan hər bir qapı və dəhliz, təkcə iqtisadi qazanc deyil, zamanla region ölkələrinin bir-birinə daha çox yaxınlaşmasına xidmət edəcək./modern.az