Araz Musayevin bıçaqlanmazdan əvvəl ittiham etdiyi Elnur Məmmədovdan və nazirlikdən AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Muay-Tay Federasiyasının sədri Araz Musayev Antalyada bıçaqlanıb.

Federasiya sədri biçaqlanmamışdan öncə özünün “WhatsApp” hesabında paylaşım edib və paylaşdığı statusda Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu ittiham edib.

Araz Musayev qeyd edib ki, Elnur Məmmədov muay-tay idmançılarının qarşısını almaq istəyir və bunun üçün onun üzərinə bir qrup şəxs də yollayıb.

Məsələ ilə bağlı Elnur Məmmədovla əlaqə yaratdıq. Araz Musayevin onu ittiham etməsinə Elnur Məmmədovun cavabı belə olub:

“Mümkünsə Nazirliyin mətbuat katibi Qabil Mehdiyevlə əlaqə yaradın. Gəlin subardinasiyanı qoruyaq. Ona görə nazirlik açıqlama versə, daha məqsədəuyğun olar”.

Nazirliyin sözüçüsü Qabil Mehdiyev isə məsələyə belə münasibət bildirib:

“Araz Musayevə tezliklə sağalmasını arzulayırıq və inanırıq ki, müvafiq hüquq-mühafizə orqanları qısa müddətdə hadisəyə aydınlıq gətirəcəklər”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, hadisə Göynük bələdiyyəsində yerləşən Atatürk İdman Sarayında baş verib. Daxil olan məlumata görə, Atatürk İdman Sarayında keçirilən çempionat zamanı Azərbaycan Muay-tay Federasiyasının prezidenti Araz Musayev iki şəxs tərəfindən bıçaqlanıb.

Araz Musayev sarayda olan sağlamlıq qruplarının ilkin yardımından sonra təcili yardımla Kəmər Dövlət Xəstəxanasına aparılıb. Burada edilən müdaxilədən sonra Musayev Antalya Şəhər Xəstəxanasına köçürülərək əməliyyat olunub. Onun müalicəsi davam edir.

Hadisə ilə bağlı Kəmər rayon Respublika Prokurorluğunun koordinasiyası ilə istintaq işləri davam etdirilir./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ