“Dövlət qulluğunda yaş həddinin uzadılması zamanı subyektiv halların aradan qaldırılması üçün konkret və aydın meyarlar müəyyənləşdirilməlidir”.
Turkustan.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
Əli Hüseynli bildirib ki, Dövlət Qulluğu Məcəlləsində sertifikatın qüvvədəolma müddəti ilə bağlı yanaşma dəyişdirilir. Onun sözlərinə görə, dövlət qulluqçusunun əsas məqsədi formal olaraq sertifikat almaq deyil, vəzifə öhdəliklərini yerinə yetirmək olmalıdır. Bu müddətdə onun fəaliyyəti də qiymətləndirilir.
O qeyd edib ki, əvvəlki yanaşmada beşillik sertifikat müddəti və onun yenidən alınması tələbi nəzərdə tutulurdusa, yeni qaydalarla sertifikatın qüvvədəolma müddətinə yenidən baxılır.
Deputat dövlət qulluğunda 65 yaş həddi məsələsinə də toxunub. Bildirib ki, bu norma dövlət qulluqçularına və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan şəxslərə tətbiq olunur. Bununla yanaşı, xüsusi dövlət qulluğu və məhkəmə hakimiyyəti kimi sahələrdə fərqli yaş məhdudiyyətləri mövcuddur.
Ə.Hüseynlinin sözlərinə görə, dövlət qulluğunda 65 yaşdan sonra xidmət müddətinin uzadılması ilə bağlı qərarlar konkret meyarlara əsaslanmalıdır. Bu baxımdan dövlət təltifləri və qulluq fəaliyyətinin qiymətləndirilməsi əsas götürülən göstəricilərdir.
O vurğulayıb ki, dövlət təltifləri və fəaliyyətin qiymətləndirilməsi obyektiv şəkildə müəyyənləşdirilə bilən faktlardır. Bu meyarlar yaş həddinin uzadılması zamanı qərarların əsaslandırılmasına və subyektiv yanaşmaların qarşısının alınmasına xidmət edə bilər:
“Dövlət Qulluğu Məcəlləsi qəbul edildikdən sonra dövlət büdcəsindən maliyyələşən digər sahələrdə də yaş həddinin uzadılması ilə bağlı qaydalar uyğunlaşdırılmalı, aydın və konkret meyarlar müəyyənləşdirilməlidir”./Bakıvaxtı.az