Son illər pensiya sistemində bir sıra dəyişikliklər öz əksini tapıb.
Burada ən çox müzakirə olunan amillərdən biri pensiya yaşı ilə bağlıdır. Artıq son müzakirələrdən sonra qadın və kişilərin pensiya yaşı bərabərləşdirilərək 65 yaş müəyyən edildi.
Ancaq bu istiqamətdə mövcud qərarlar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Çünki pensiya yaşının artırılması vətəndaşların pensiyadan uzun müddət faydalanmasına imkan vermir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son (2020-2024) 5 ildə pensiya yaşına (65 yaş) çatmadan ölən kişilərin sayı 88 min 100 nəfər olub.
Pensiya yaşına çatmadan ölən kişilər vəfat edən kişilərin ümumi sayının yarısını (48,5 faiz) təşkil edib. Hazırda kişilərin pensiya yaşı 65 olsa da, bu yaş həddinin 67-yə çatdırılması ilə bağlı müzakirələr gedir.
Ümumiyyətlə, pensiya yaşının artırılmasını isə orta ömür uzunluğunun 72 il olması ilə əlaqələndirirlər. Bundan sonra pensiya yaşının artırılması potensialı varmı?
“Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, bu mövzuya yanaşmanı orta və uzunmüddətli dövrümüzdə yeni çağırışlar da nəzərə alınmaqla, qiymətləndirmək lazımıdr.
“Ortamüddətli dövr üzrə ola bilsin ki, pensiya yaşının artırılması ilə bağlı hansısa bənzər təşəbbüslər olsun. Əksər halda bu əhalinin orta ömrünün, yaşlıların sayının artması, təbii artım sayının aşağı düşməsi, beləliklə də əmək bazarında bir pensiyaçıya görə işləyənlərin sayının azalması kimi iqtisadi və sosioloji faktorlarla izah olunur. Dünyada da bənzər meyillər var.
Ancaq indiki halda məsələyə Azərbaycan aspektindən yanaşmış olsaq, ölüm yaşı ilə bağlı mövcud statistika da daxil olmaqla, orta ömür göstəricisi, bənzər iqtisadiyyatlar, keçmiş Sovet ölkələri ilə müqayisə aparsaq, görürük ki, əslində ölkəmizdə bu istiqamətdə hazırda mövcud olan ən sərt yaş həddi tətbiq olunmaqdadır.
Pensiya sisteminin özünün etibarlılığı, ahıllıq dövründə əhalinin rifahının normal standartlarda təmin edilməsi üçün qeyri-adekvatlığını formalaşdırır. Yəni indi şərtlər daxilində pensiya yaşının artırılması çox uğursuz yanaşma ola bilər.
Bu istiqamətdə sistemin daha da təşviqediciliyini daha da zəiflədə, sistemə etibarı aşağı sala, əmək bazarının leqallaşması meyillərinə ciddi zərər verə bilər. Əgər bu siyasətin planlanması, dizayn edilməsi rosional əsaslandırmadan yola çıxılsa, müvafiq istiqamətdə ən azından növbəti 5 ildə hər hansı bir addımın atılması ehtimalını aşağı qiymətləndirirəm”.
Onun sözlərinə görə, ancaq uzunmüddətli məsələyə baxdıqda, belə bir dövrdə artıq pensiya yaşının artırılması məsələsi hökumətlərin gündəmindən çıxacaq:
“Çünki süni intellektin sürətlə iqtiadiyyata inteqrasiya olunması, robot texnologiyaların inkişaf etməsi və istehsalatın, xidmət sektorunun bütün sahələrində tətbiq imkanlarının genişmiqyaslı nəzərdən keçirilməsi kimi faktorları nəzərə almaqla artıq günümüzdə, növbəti 10 ildə bu çağırışların əmək bazarına ciddi mənfi nəticələrinin müzakirə edilməsinə gətirib çıxarıb.
Bu aspektdən məsələyə yanaşmış olsaq, çox böyük ehtimalla növbəti onilliklərdə nəinki pensiya yaşının artırılması, hansısa formada sosial müdafiə mexanizmlərinin təkmilləşdirilərək daha əlçatan olmasını təmin etməklə bu alətlərin, gəlirlərin yenidən bölüşdürülməsində bir mexanizm kimi istifadə istiqamətində meyillər daha da güclənəcək.
Yəni nəinki pensiya yaşını artırmaq, əksinə uzunmüddətli dövrdə pensiya yaşını aşağı salmaq, yaxud da digər alternativ sosial müdafiə mexanizmləri yaratmaqla işləməyən sosial qrupların orta və ya minimum standartlarda rifahını təmin edən mexanizmlər ortaya çıxacaq.
Başqa sözlər desək, sosial, vergi yığımları insan əməyinə trnasfer olunacaq texnologiyaya, yəni süni intellekt və yaxud robotlar, avtomatlaşdırılmış istehsal sistemləri, bunlara ötürülmüş vergi,sosial sığorta yükü bu və ya digər şəkildə hökumət tərəfindən hansısa formada müxtəlif mexanizmlər, o cümlədən pensiya sistemi vasitəsilə əhali arasında bölüşdürüləcək”.
Ekspertin fikrincə, uzunmüddətli dövrdə isə biz bu konteksdə pensiya yaşının azaldılması istiqamətində yenidən ciddi bir geridönüşün başladığını müşahidə etmiş olacağıq:
“Məsələyə indiki şərtlər daxilində baxsaq, Azərbaycanda vəziyyət ürəkaçan deyil. Orta ömür göstəricisi və pensiya yaşı arasında çox az məsafə var.
Bəzi ölkələrdə müvafiq göstərici 22 ilə qədər olur. O ölkələrdə insanlar 67 yaşında pensiyaya çıxır ki, orada orta ömür 89 ildir. Yəni yaşa görə pensiyaya çıxdıqdan sonra 22 il pensiya ala bilir.
Bu konteksdə məsələyə baxmış olsaq, Azərbaycanda müvafiq göstərici 3,5 dəfə daha pisdir. Əgər belə bir qərar qəbul olunarsa, bu çox uğursuz və ahıllıq dövründə vətəndaşların vəziyyətinin daha da acınacaqlı hal almasına gətirib çıxaran bir siyasət olar”.