Ümumi faciə ilə bağlı bütün məsələləri həll etmişik – Lavrov


Rusiya və Azərbaycan 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik sazişi üzrə potensialın tam açılmasına doğru irəliləyirlər.

Turkustan.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 17-də Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla geniş tərkibdə keçirilən görüşdə bildirib.

“Xarici işlər nazirləri səviyyəsində dialoqumuzu davam etdirmək imkanından məmnunuq. Bu dialoq ölkələrimizin prezidentləri, hökumətləri, nazirlik və qurumları, eləcə də parlamentləri arasında müntəzəm təmasları tamamlayır. Bütün bunlar onu nümayiş etdirir ki, vaxtaşırı yaranan bu və ya digər çətinliklərə baxmayaraq, biz 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialının tam açılmasına doğru irəliləyirik”, – Lavrov deyib.

Onun sözlərinə görə, cari ildə tərəflər ümumi faciə (AZAL təyyarəsinin qəzaya uğraması – red.) ilə bağlı bütün məsələləri həll ediblər.

“Bu gün biz iqtisadi sahədə də əməkdaşlığımızın cari vəziyyətini və perspektivlərini müzakirə edəcəyik. Bu yaxınlarda, aprel ayında hökumətlərarası komissiyanın 24-cü iclası keçirildi. Şübhəsiz ki, Cənubi Qafqazdakı vəziyyət barədə danışacağıq. “3+3″ regional əməkdaşlıq platformasına marağın artmasına diqqət yetirdik. Odur ki, bu gün məhsuldar danışıqlara ümid edirəm”, – o qeyd edib.

Lavrov vurğulayıb ki, humanitar sahə ənənəvi olaraq Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin vacib elementidir.

“Qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəliyə aid bütün məsələləri, o cümlədən beynəlxalq platformalardakı təmaslarımızı və əməkdaşlığımızı müzakirə etməyə hazırıq”, – Rusiya XİN rəhbəri əlavə edib.


MANŞET XƏBƏRLƏRİ