Polşanın Baş naziri Donald Tusk Polşa və Ukraynada siyasətçiləri millətlərarası nifrəti qızışdıracaq bəyanatlardan çəkinməyə çağırıb. O bildirib ki, iki xalq arasında gərginliyin artması hər iki ölkə üçün ciddi nəticələr doğura bilər.
Turkustan.az xəbər verir ki, Tusk bu fikirləri Polşanın şimalındakı Bıtov şəhərində ukraynalılar və polyaklar arasında baş vermiş, bir Polşa vətəndaşının ölümü ilə nəticələnən hadisəni şərh edərkən səsləndirib.
Baş nazir bildirib ki, polis hesabatları ilə tanış olduqdan sonra hadisənin millətlərarası zəmində baş vermədiyi qənaətinə gəlib. Onun sözlərinə görə, insident spirtli içki qəbulundan sonra yaranan məişət münaqişəsi olub.
Donald Tusk vurğulayıb ki, zorakılığı törədən şəxsin polyak və ya ukraynalı olmasının heç bir fərqi yoxdur.
"Mənim üçün kimin kimə hücum etməsinin, başqalarına qarşı nifrət nümayiş etdirməsinin fərqi yoxdur. İstər ukraynalı, istərsə də polyak olsun, qanunu pozan hər kəs cinayət məsuliyyətinə cəlb edilməlidir", – deyə,Tusk bildirib.
Aytən Yaşar/ Turkustan.az