NATO müdafiə xərclərinin artırılması ilə yanaşı, bir sıra siyasi və strateji çağırışlarla üz-üzədir.
Turkustan.az xəbər verir ki, Rusiya–Ukrayna müharibəsinin nəticələri, ABŞ-ın alyansa sadiqliyi ilə bağlı suallar və Donald Trampın bəzi NATO ölkələri barədə açıqlamaları ittifaq daxilində narahatlıq yaradır.
Amerika və Avropa arasında Rusiya təhlükəsinin qiymətləndirilməsi ilə bağlı fikir ayrılıqları dərinləşir. Bu fərqliliklər NATO-nun vahid mövqe nümayiş etdirməsini çətinləşdirir.
Bu ilki NATO zirvəsi əvvəlkilərdən fərqli olaraq daha qısa bəyanatla yadda qalacaq. Əsas diqqət ölkələrin müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq istiqamətində irəliləyişinə yönələcək.
Rusiya Prezidenti Vladimir Putin zirvəni yaxından izləyir. Analitiklər hesab edirlər ki, sammitdə səslənən fikirlərdən çox, alyans daxilindəki bölünmələrin necə təqdim olunması diqqət mərkəzində olacaq.
Avropa ölkələrinin böyük hissəsi Rusiyanı ciddi təhlükə kimi görsə də, ABŞ-ın bəzi mövqeləri fərqlidir. Müharibənin davam etməsi və dron hücumlarının artması NATO-nun şərq cinahında təhlükəsizlik narahatlıqlarını daha da gücləndirib.
Aytən Yaşar/ Turkustan.az