Ölkə fəlakət yaşayır! Ölənlərin sayı dəhşətli həddə çatdı


Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges iyunun 24-də ölkədə baş verən güclü zəlzələlərlə bağlı son məlumatları açıqlayıb.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 2 295-ə, yaralananların sayı isə 11 mini ötüb. Rodriges bildirib ki, axtarış-xilasetmə qrupları dağıntılar altında qalan itkin şəxslərin tapılması istiqamətində fəaliyyətini davam etdirir.

Rəsmi məlumata əsasən, 39 saniyə fərqlə baş verən 7,2 və 7,5 bal gücündə iki zəlzələ ölkənin şimalında, xüsusilə La Quayra və Karakas bölgələrində ciddi dağıntılara səbəb olub. Təxminən 59 min binanın dağıldığı və ya ağır zədələndiyi, on minlərlə insanın isə evsiz qaldığı bildirilir.

Zəlzələdən sonra 50-dən çox ölkədən axtarış-xilasetmə və humanitar yardım qrupları Venesuelaya göndərilib. Müvəqqəti sahə xəstəxanaları fəaliyyətə başlasa da, səhiyyə sisteminə düşən yükün artdığı qeyd olunur. Mütəxəssislər təmiz su və tibbi xidmətlərə çıxışın məhdudlaşmasının yoluxucu xəstəliklərin yayılması riskini yüksəltdiyini bildirirlər.

Səlahiyyətlilər bəzi ərazilərdə dağıntılar altında qalan insanlara çatmaq üçün əməliyyatların fasiləsiz davam etdiyini vurğulayıblar. Son günlər bir neçə nəfərin sağ xilas edilməsi ümidləri artırsa da, vaxt keçdikcə itkin düşənlərin sağ tapılma ehtimalının azaldığı qeyd olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ