Zəngəzur uğrunda yeni savaş: Mübarizə meydanı dəyişdi


Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zəngəzur dəhlizinə görə İranla Rusiya arasında münasibətləri gərginləşdirən əsas səbəblər nədən ibarətdir? Qərbə qarşı olan Tehran bu məsələdə onların mövqeyini bölüşməklə Kremlə hansı mesajı verməyə çalışır?

- İran Ermənistanla eyni mövqedən çıxış edir. Tehranın burada öz maraqları var. İstəyi odur ki, bölgədə mövcud olan bütün kommunikasiya xətləri İrandan keçsin. Beləliklə, o, özünün mümkün nəzarət mexanizmlərini saxlamağa nail olsun. Gələcək beynəlxalq ticarət sisteminin də ən fəal üzvü olmaq üçün İran bütün imkanlarını səfərbər edir. Zəngəzur dəhlizinin açılması əslində Azərbaycanı mərkəzə çevirir. Azərbaycanla birlikdə olan ölkələr də bu prosesdə iştirak edə bilər. Rusiyanın isə maraqları aydındır. Ona görə də, İranın başqa bir dövlətin ərazisində yollara nəzarət etmək istəyi beynəlxalq sistemin pozulması deməkdir.

İranın bu prosesi sona qədər vakkumda saxlamaq imkanları varmı?

- Tehranın bu prosesdə özünün qərəzli istəklərini reallaşdırmağa gücü yoxdur. Sadəcə olaraq Rusiyanın indiki halda o zəifliyindən İran maksimum yararlanmağa çalışır. Amma bu məsələdə əsas şərt Azərbaycanın istəyidir. Bakının niyyətinin reallaşmasına heç kəs maneə ola bilməyəcək. Zəngəzur dəhlizinin açılması mütləqdir. Bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Bunun isə qarşısını almağa heç kəsin imkanı çatmayacaq.

- Gürcüstanın Zəngəzur dəhlizinin açılmasında narahatlağı nədən ibarətdir?

- Bu, sırf rəqabətlə bağlı olan məsələdir. Gürcüstan hazırda bütün yolların öz ərazisindən keçdiyi fonunda əsas roldadır. Ona görə də, yeni bir sistemin formalaşması onlara sərf etmir.

- Amerikanın Zəngəzurun dəhliz yox, adi yol prinsipində açılması ilə bağlı mövqeyi nəyə hesablanıb?

- ABŞ-ın bölgə ilə bağlı siyasəti erməni diasporasının istəyi üzərində qurulub. Amerikada bu il prezident seçkiləri keçiriləcək. Ona görə də, amerikalı siyasətçilər erməni lobbisi ilə sıx bağlıdır. Əslində Amerikanın Zəngəzur dəhlizi məsələsində ciddi baxışları yoxdur. Prinsip olaraq ABŞ belə bir sistemin mövcudluğunu müsbət qəbul etməlidir. Çünki bu beynəlxalq ticarət və yeni nəqliyyat sistemləri üçün müsbət addımdır. Real dövləti maraqları kontekstində erməni lobbisinin mövqeyi deyil bu amillər əsas götürülməlidir.


MANŞET XƏBƏRLƏRİ