Türkiyədə növbəti prezident və parlament seçkilərinin 16 aprel 2028-ci ildə keçirilməsi təklif olunur. Bu ssenari reallaşarsa, Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən və sonuncu dəfə prezidentliyə namizəd olmasına hüquqi imkan yarana bilər.
Turkustan.az xəbər verir ki, bu təkliflə Türkiyə Prezidentinin baş müşaviri və Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum çıxış edib.
Uçum bildirib ki, mövcud qanunvericiliyə əsasən Türkiyədə növbəti prezident və parlament seçkilərinin normal tarixi 7 may 2028-ci ildir. Lakin Türkiyə Böyük Millət Məclisi seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, səsvermə bir neçə həftə əvvələ, 16 aprel 2028-ci ilə keçirilə bilər.
Onun sözlərinə görə, bunun üçün parlament 2028-ci ilin fevralında seçkilərin yenilənməsi barədə müvafiq qərar qəbul etməlidir.
Bu addım Ərdoğanın yenidən namizədliyinə də hüquqi imkan yarada bilər. Türkiyə Konstitusiyasının 116-cı maddəsinə görə, prezidentin ikinci səlahiyyət müddətində parlament seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, hazırkı prezident bir dəfə də namizəd ola bilər.
Mehmet Uçum da məhz bu müddəaya əsaslanaraq Ərdoğanın 2028-ci ildə son dəfə namizəd ola biləcəyini bildirib. Onun sözlərinə görə, bunun üçün Konstitusiyaya dəyişiklik edilməsinə ehtiyac yoxdur; parlamentin seçkilərin yenilənməsi barədə qərarı kifayətdir.
MHP sədri Devlet Bahçeli də 16 aprel 2028-ci il tarixinin təklif olunmasına münasibət bildirib. O, seçkilərin normal vaxtında keçirilməsi ilə təklif edilən tarix arasında ciddi vaxt fərqinin olmadığını deyib və Ərdoğanın yanında olduqlarını vurğulayıb.
Qeyd edək ki, 16 aprel tarixi Türkiyə siyasətində simvolik əhəmiyyət daşıyır. 2017-ci il aprelin 16-da keçirilən referendumla ölkədə prezident idarəetmə sisteminə keçidi nəzərdə tutan konstitusiya dəyişiklikləri qəbul edilib.
Bununla belə, 16 aprel 2028-ci il hazırda rəsmən təsdiqlənmiş seçki tarixi deyil. Son qərarın Türkiyə Böyük Millət Məclisinin seçkilərin yenilənməsi ilə bağlı qərarından asılı olacağı bildirilir./modern.az