Xocavənd rayonunda təcili tibbi yardım bölməsi fəaliyyətə başlayıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Qarabağın bərpası istiqamətində görülən işlər çərçivəsində işğaldan azad olunan ərazilərə qayıdan sakinlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi əsas prioritetlərdəndir.
Beyləqan rayonunda fəaliyyət göstərən Xocavənd təcili tibbi yardım bölməsi artıq öz doğma ünvanında – Xocavənd rayonunda xidmət göstərir.
Bölmə 24/7 rejimində fəaliyyət göstərir. Xidmətin operativliyinin təmin edilməsi məqsədilə bölmə 3 təcili tibbi yardım avtomobili ilə təchiz olunub. Burada tibb və qeyri-tibb işçisi olmaqla 22 əməkdaş çalışır.
TƏBİB tərəfindən həyata keçirilən tədbirlərin təcili tibbi yardım xidmətlərinin əlçatanlığının və operativliyinin artırılmasına, tibbi xidmətlərin vətəndaşlara daha çevik və səmərəli göstərilməsinə, eləcə də xidmət keyfiyyətinin davamlı yüksəldilməsinə xidmət etdiyi bildirilib.