"Erməni soyqırımı" məsələsi Bakıya görə donduruldu - İsrailli politoloq


İsrail Xarici İşlər Nazirliyində qondarma "erməni soyqırımı"nın tanınması məsələsinin gündəmə gətirilməsi Azərbaycan-Türkiyə-İsrail münasibətlərinin gələcəyi ilə bağlı müxtəlif suallar doğurmuşdu. Lakin sonradan təşəbbüsün irəlilədilməməsi və faktiki olaraq gündəlikdən çıxarılması bu qərarın arxasında hansı geosiyasi amillərin dayandığı barədə müzakirələri daha da aktuallaşdırdı.

Modern.az-a açıqlamasında israilli politoloq İqor Roytapel bildirib ki, Azərbaycan–İsrail münasibətləri çox ciddi sınaqdan keçib:

"Mənim hazırda özümün şəxsən gəldiyim qənaət var. Lakin nəticələrim faktların, təsdiqlənmiş məlumatların və İsrail siyasi elitasında baş verən proseslərin birbaşa iştirakçılarının verdiyi məlumatların dərin təhlilinə əsaslanır. Gəlin açıq danışaq. Geosiyasətdə, böyük biznesdə olduğu kimi, emosiyalar deyil, maraqlar həlledici rol oynayır. İsraildə qondarma "erməni soyqırımı"nın tanınması məsələsi ətrafında baş verənlər də bir həqiqəti bir daha təsdiqlədi: Azərbaycan–İsrail münasibətləri çox ciddi sınaqdan keçdi. Və məlum oldu ki, bu münasibətlər o qədər möhkəmdir ki, onları heç bir amil sarsıda bilməz. Gəlin İsrail hökumətinin niyə ümumiyyətlə bu məsələni gündəmə gətirdiyini xatırlayaq. Əslində, bu addımın əvvəlcədən Azərbaycanla heç bir əlaqəsi yox idi. Bu, yalnız İsrail rəhbərliyinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatlarına cavab vermək məqsədilə atdığı addım idi. İsraildə hesab edirdilər ki, Bakı vəziyyəti düzgün qiymətləndirəcək. Bununla belə, məsələ həm Azərbaycan üçün, həm İsraildə yaşayan azərbaycanəsilli yəhudilər, həm də Azərbaycandakı yəhudi icması üçün son dərəcə həssas idi.

İsrailli ictimai fəallar Pavel Yelizarovun rəhbərliyi ilə və yəhudi icmasının nümayəndələri təşəbbüs göstərərək Knessetə və hökumətə müraciət etdikdən sonra İsrail siyasətçiləri bu məsələnin nə qədər həssas olduğunu dərhal anladılar. Onlar başa düşdülər ki, bu mövzu onların ən yaxın və etibarlı tərəfdaşlarından biri olan Azərbaycanın hisslərinə toxunur".

Politoloqun sözlərinə görə, mövcud vəziyyəti düzgün qiymətləndirən İsrail hökuməti və Knesset tərəfdaşına hörmət nümayiş etdirərək operativ şəkildə prosesi dayandırdı və məsələni tamamilə dondurub:

"Hazırda həmin təşəbbüs bloklanıb və onun irəli aparılması nəzərdə tutulmur. İsrailin siyasi sistemi bu qərarla öz yetkinliyini və strateji maraqlar naminə vaxtında düzgün qərarlar qəbul etmək bacarığını nümayiş etdirdi. Azərbaycan İsrail üçün etibarlı tərəfdaş, mühüm neft təchizatçısı və təhlükəsizlik sahəsində əsas müttəfiqlərdən biridir. Bu səbəbdən qarşılıqlı etimadın qorunması əsas prioritet hesab edildi. Bununla yanaşı, reallığı da nəzərə almaq lazımdır. İsrail prezident respublikası deyil, parlament respublikasıdır. Burada hökumət bütün qərarları təkbaşına qəbul etmir. Son söz həmişə Knessetə məxsusdur. Məhz buna görə də bu məsələyə gələcəkdə heç vaxt qayıdılmayacağını yüz faiz əminliklə söyləmək mümkün deyil. İsraildə yaxın vaxtlarda parlament seçkiləri keçiriləcək. Seçkilərin nəticələrinin necə olacağını, yeni hökumətin və ya yeni çağırış Knessetin bu məsələyə hansı mövqedən yanaşacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Əgər hazırkı hakim koalisiya hakimiyyətdə qalarsa, böyük ehtimalla bu məsələ ən uzaq rəfdə qalacaq. Çünki mövcud hakimiyyət artıq bu məsələdən lazımi nəticələri çıxarıb. Lakin hakimiyyət dəyişikliyi baş verərsə, müxalifət bu təşəbbüsü yenidən nazirliklər vasitəsilə gündəmə gətirə və ya parlamentdə müzakirəyə çıxara bilər. İsraildə daxili siyasi proseslər hər zaman dinamik xarakter daşıyır".

İ.Roytapel vurğulayıb ki, bu hadisədən çıxarılan əsas nəticə bütövlükdə müsbətdir:

"Tez-Əvivin addımları, Bakının reaksiyası, yəhudi icmasının fəallığı və İsrail hakimiyyətinin sonrakı qərarları göstərdi ki, Azərbaycan–İsrail münasibətləri dərin, yetkin və həqiqətən də strateji xarakter daşıyır.

Bu çətin sınaqdan hər iki tərəf şərəflə çıxdı. İsrail Azərbaycanın narahatlığını vaxtında eşitdi, mübahisəli təşəbbüsün qarşısını aldı və nümayiş etdirdi ki, Azərbaycanla İsrail arasındakı dostluq kağız üzərində yazılmış bəyanatlardan ibarət deyil. Bu münasibətlər istənilən geosiyasi sınağa tab gətirə biləcək real strateji tərəfdaşlıqdır".


MANŞET XƏBƏRLƏRİ