"Bakını vurmaq istəyirdik..." – İranlı deputat niyə sarsaqladı? - DETALLAR


İranda son aylarda Prezident Məsud Pezeşkiana qarşı radikal-mühafizəkar dairələrin hücumları getdikcə daha aqressiv xarakter alır. Bu kampaniyanın ön sıralarında isə yenə də İran parlamentində Tehranı təmsil edən Kamran Qəzənfəri dayanır.

Uzun müddətdir ölkə daxilində gərginliyi artıran, davamlı olaraq Pezeşkianı ən ağır ittihamlarla hədəfə alan Qəzənfəri bu dəfə bir sözlə "çaşıb". O, təkcə İran prezidentini deyil, eyni zamanda Azərbaycan və onun lideri İlham Əliyevə qarşı əsassız, sarsaq ittihamlar irəli sürüb.

Əvvəlcə onun Pezeşkian barəsindəki sərsəm ittihamlarını təqdim edirik: "Nə üçün iki ABŞ hərbi gəmisi Hörmüz boğazı daxil olarkən, Silahlı Qüvvələr onları məhv etməyə hazır olduğu halda, bu gəmilər vurularsa prezident vəzifəsindən istefa verəcəyinizi dediniz? Niyə Ali Rəhbərin icazəsi olmadan atəşkəsi qəbul etdiniz? Necə ki, 12 günlük müharibə zamanı atəşkəsi qəbul edərək İsraili məğlubiyyətdən xilas etdiniz, bu dəfə də atəşkəsi qəbul etməklə ABŞ və İsraili raket zərbələrimizdən qorudunuz. Siz aprelin 18-də Ali Rəhbərə ünvanlanan kobud və hörmətsiz məktubu imzalamısınız. Həmin məktubda cəmiyyətin dözümlülüyünün zəiflədiyini iddia edir və bildirirdiniz ki, mövcud vəziyyətin (müharibənin) davam etməsi bu vəzifədə (prezident postunda) fəaliyyət göstərməyiniz üçün ciddi maneə yaradır".

1762693921_screenshot_3.jpg (27 KB)

Kamran Qəzənfəri

İranlı deputatın Prezident İlham Əliyev və ölkəmiz barəsində dediklərində qərəz açıq şəkildə görünür. Eyni zamanda deputat ölkəsinin vaxtı ilə Bakını vurmaq planının olduğu barədə müdhiş iddia irəli sürüb.

Sitat: "Cənab Pezeşkian, siz yaxşı bilirsiniz ki, İlham Əliyev hökuməti həm İbrahim Rəisi şəhid olduğu hadisədə, həm də 12 günlük müharibə zamanı ABŞ və İsraillə əlbir olub. Bəs nə üçün Silahlı Qüvvələrimiz Bakıya peşmanedici zərbə endirmək istəyəndə bunun qarşısını aldınız?"

Göründüyü kimi, Kamran Qəzənfərinin səsləndirdiyi fikirlər nə siyasi məsuliyyətə, nə də diplomatik etikaya sığır və daha çox regionda formalaşan yeni əməkdaşlıq mühitini pozmağa hesablanmış populist çıxış təsiri bağışlayır.

Xüsusilə Qəzənfərinin Azərbaycan əleyhinə səsləndirdiyi iddialar tamamilə qəbuledilməzdir. Rəsmi Bakı bütün regional proseslərdə beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və mehriban qonşuluq prinsiplərinə sadiq olduğunu dəfələrlə əməli addımları ilə sübut edib. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur.

Məhz bu siyasət sayəsində Bakı müxtəlif geosiyasi mərkəzlərlə qarşılıqlı hörmət və milli maraqlar əsasında münasibətlər qurmağı bacarıb. İranla münasibətlərdə də Azərbaycan daim konstruktiv mövqe nümayiş etdirib, ikitərəfli əlaqələrin inkişafı üçün siyasi iradə ortaya qoyub. Son dövrlər iki ölkə arasında yüksək səviyyəli təmasların intensivləşməsi, qarşılıqlı səfərlər və əməkdaşlığın yeni mərhələyə qədəm qoyması fonunda Kamran Qəzənfəri kimi siyasətçilərin səsləndirdiyi ittihamlar yalnız münasibətlərə kölgə salmağa yönəlmiş cəhddir. Bu cür bəyanatlar nə İranın dövlət maraqlarına xidmət edir, nə də regionda sabitliyə töhfə verir.

elchin_mirzebeyli_310520.jpg (76 KB)

Elçin Mirzəbəyli

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirdi ki, İran parlamentinin Azərbaycana qarşı aqressiv ritorikası ilə seçilən, məsuliyyətsiz, boşboğaz, dünyada, regionda və hətta ölkəsi ətrafında baş verən dəyişikliklərin mahiyyətini dərk etməyən Kamran Qəzənfəri kimi təmsilçilərinin qəzəbli bəyanatlarının əsas səbəbi onun təmsil etdiyi siyasi qütbün və məzhəb pərdəsinə bürünmüş ultramillətçi qrupun siyasi səhnədən silinəcəkləri gözləntilərindən doğan reaksiyadır: "Görünür, Kamran Qəzənfəri də bəzi panfarsist həmkarları kimi Yaxın Şərqdə, Qərbi Asiyada, bütövlükdə isə Çindən Avropaya qədər olan coğrafiyada baş verənlərin gerçək mahiyyətini dərk edə bilmir, ictimai rəyə yönəlmiş emosional, bər-bəzəkli, mübaliğəli bəyanatları reallıq kimi qəbul edirlər.

Kamran Qəzənfərinin Məsud Pezeşkiana olan qəzəb və nifrətinin səbəbi İranın dünya tərəfindən qəbul edilən siyasi liderinin milliyyətcə azərbaycanlı, türk olması ilə bağlıdır. Azərbaycana qarşı olan aqressiyanın təməlində də dayanan amillər Kamran Qəzənfərinin mənsub olduğu düşərgənin öz ərazi bütövlüyünü, suverenliyini öz gücü, Ali Baş Komandanının qətiyyəti, əsgər və zabitinin rəşadəti sayəsində bərpa etmiş qalib Azərbaycan xalqına, Azərbaycan türklərinə qarşı olan qəzəbli münasibəti, Azərbaycan Respublikasının bölgənin hüquqlarından məhrum edilmiş türk topluluqları üçün nümunə ola biləcəyindən doğan qorxudur. Səməd Vurğunun “Vaqif” poemasında deyildiyi kimi, “Ağılsız köpəklər ulduza hürər”.

Screenshot_2.png (545 KB)

Məsud Pezeşkian

Bu bədbəxt məxluqlar unudurlar ki, bu gün gözləri önündə canlandırdıqları geosiyasi şəbih nümunələrinin real proseslərə heç bir aidiyyatı yoxdur və onların nə istədiklərindən asılı olmayaraq, bölgənin yeni təhlükəsizlik arxitekturasının tam formalaşması prosesində qondarma ideoloji pərdələrə bürünmüş panfarsist maraqlar heç bir nəticə əldə edə bilməyəcəklər. Bunun üçün hətta demoqrafik zəmin belə yoxdur".

Deputat daha bir vacib nüansa da toxundu: " Məsələnin siyasi cavab hissəsinə gəldikdə isə, mənə görə, Qəzənfərinin xəstə iddiaları İran daxilində gedən siyasi mübarizənin növbəti təzahürüdür. Pezeşkian hakimiyyətə gəldiyi gündən etibarən İranın radikal-mühafizəkar düşərgəsi onun üzərinə sistemli hücumlar təşkil edir. Çünki Pezeşkianın qonşularla münasibətləri normallaşdırmaq, iqtisadi əməkdaşlığı genişləndirmək və beynəlxalq təcriddən çıxmaq istiqamətində atdığı addımlar uzun illər regionda gərginlik siyasətindən bəhrələnən qüvvələrin maraqlarına uyğun gəlmir.

Məhz buna görə də Qəzənfəri kimi siyasətçilər daxili auditoriyaya hesablanmış populist çıxışlarında xarici düşmən obrazı yaratmağa çalışırlar.

Qəzənfərinin İbrahim Rəisinin helikopter qəzası ilə bağlı sərsəmləmələrinə gəldikdə isə, İran tərəfinin apardığı rəsmi araşdırmalar hadisənin əlverişsiz hava şəraiti və texniki amillərlə bağlı olduğunu təsdiqləyib. Hadisədən sonra Azərbaycan dövləti ilk yardım təklif edən ölkələrdən biri olub, Prezident İlham Əliyev şəxsən başsağlığı verib və İran xalqının kədərini bölüşüb. Belə bir şəraitdə Azərbaycanı faciə ilə əlaqələndirmək əxlaqsızlığın növbəti təzahürüdür. Əslində Kamran Qəzənfərinin və onun təmsil etdiyi radikal çevrələrin əsas narahatlığı Azərbaycanın son illərdə əldə etdiyi geosiyasi uğurlardır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bakı regionun əsas nəqliyyat, logistika və enerji mərkəzlərindən birinə çevrilib. Türk dünyasının inteqrasiyasında aparıcı rol oynayır, Avropa ilə Asiya arasında strateji körpü funksiyasını yerinə yetirir.

iran.jpg (839 KB)

Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan həm Qərblə, həm Şərqlə, həm də region dövlətləri ilə bərabərhüquqlu münasibətlər qurub.

Məhz bu uğurlar ultramillətçi radikal dairələri narahat edir. Onlar qəbul edə bilmirlər ki, Azərbaycan artıq kənardan təzyiq və təhdidlərlə yönləndirilə biləcək ölkə deyil.

Qonşu dövlətə qarşı sübutsuz ittihamlar səsləndirmək, hərbi təhdidlər dilində danışmaq və faciələr üzərindən siyasi manipulyasiya aparmaq reallıq hissini itirmiş radikal populistin çıxışını xatırladır.

Amma yaxşı olar ki, Qəzi (Qəzənfəri) qaza gəlməsin, çünki heç gözləmədiyi anda ağzının üzərindən “peşmanedici zərbə” ala bilər".


MANŞET XƏBƏRLƏRİ