Azərbaycanın İrana cavabı necə olacaq? - Zülfüqarov


Azərbaycan üçün əsas məsələ İran rəsmilərinin bu hadisəyə necə reaksiya verəcəyidir. Onlar bunun səhv olduğunu etiraf edəcəklərmi, məsul şəxslərin cəzalandırılacağını deyəcəklərmi, yoxsa başqa mövqe tutacaqlar? Bu, bizim gələcək addımlarımızı müəyyən edən əsas amildir. Yəni biz kimə cavab verəcəyimizi bilməliyik – səhv etmiş dostamı, yoxsa qəsd edən düşmənə?

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov İranın Naxçıvana dron hücumu və regionda yaranmış vəziyyəti şərh edərkən deyib.

Politoloq bildirib ki, İran rəhbərliyi qısa müddətdə bu hadisəyə aydın və konkret mövqe bildirməlidir:

“Biz başa düşürük ki, hazırda İran üçün asan vaxtlar deyil. Lakin bu məsələ çox önəmlidir və bundan çox şey asılıdır. Unutmayaq ki, buna bənzər addımlar daha əvvəl Türkiyəyə qarşı da olub və hamı bilir ki, Azərbaycan və Türkiyə hərbi müttəfiqdir. Ona görə də bu məsələ İran üçün strateji əhəmiyyət daşıyır. Tehran müəyyən etməlidir ki, sərhədləri yaxınlığında dost ölkələri görmək istəyir, yoxsa Azərbaycan və Türkiyəni düşmən kimi qəbul edir?

Hazırda İran daxilində müxtəlif güc mərkəzləri arasında fikir ayrılığının olduğu da hiss olunur. Bəllidir ki, İran daxilində müəyyən hakimiyyət böhranı var və bəzən sağ əlin nə etdiyini sol əl bilmir. Bu baxımdan belə ziddiyyətli açıqlamalar gözlənilən sayılır. Lakin bəzi məsələlər var ki, daxili çəkişmələrə baxmayaraq, dövlət maraqları baxımından aydın mövqe ortaya qoyulmalıdır. Azərbaycana qarşı dron hücumu məhz belə məsələlərdəndir”.

Politoloqun sözlərinə görə, əgər Tehran bu hadisəyə aydın izah verməzsə, bu, İran dövlətinin idarə olunması ilə bağlı ciddi suallar yarada bilər:

“Əgər belə hadisələrə görə məsuliyyət müəyyən edilməzsə, o zaman belə qənaət yarana bilər ki, İran dövləti artıq tam şəkildə idarə olunmur və dövlətçilik mexanizmləri zəifləyib. Bu isə mümkün süqutun əlamətlərindən biri kimi qiymətləndirilə bilər. Belə bir nəticəyə gəlinərsə, Azərbaycanın atacağı addımlar da fərqli olacaq. İstənilən halda İran daxilində həm dost, həm də düşmən qüvvələr anlamalıdır ki, Azərbaycan bu məsələyə laqeyd yanaşmayacaq və baş verənlərə göz yummayacaq”.


MANŞET XƏBƏRLƏRİ