Naxçıvana yol bağlandı, alternativ Zəngəzurdur? - “Bu, İrəvanın töhfəsi olardı”


Naxçıvanın Azərbaycanın yerdə qalan hissəsi ilə əlaqəsi məsələsi yenidən gündəmə gəlib.

Martın 5-də İran istiqamətindən Naxçıvan tərəfə dron hücumundan sonra muxtar respublikaya həm Bakıdan həyata keçirilən aviareyslər, həm də İran ərazisindən quru yol məhdudlaşıb. Hazırda Bakıdan Naxçıvana təyyarə ilə gedənlər şəxslər İğdırda eniş edir, Türkiyədən muxtar respublikaya yollanırlar. Belə şəraitdə Ermənistan ərazisindən keçə biləcək alternativ quru yol ehtimalı müzakirə edilir.

Bəs yaranmış vəziyyət Zəngəzur dəhlizi ilə bağlı yeni siyasi qərarların verilməsinə səbəb ola bilərmi?

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Məmmədov “Yeni Sabah”a bildirib ki, Zəngəzur dəhlizinin açılışı indi daha aktualdır:

“Zəngəzur dəhlizi vasitəsilə azərbaycanlılar rahat şəkildə öz tarixi torpaqlarından keçərək Naxçıvana gedib-gələ bilməlidirlər. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi bununla bağlı adekvat addımlar atsın və yaranmış vəziyyətdə məsələnin icrasını uzatmasın. Dərhal Zəngəzur vasitəsilə təhlükəsizlik təmin edilsin və insanlar dayanmadan, birbaşa şəkildə Naxçıvana gedib-gələ bilsinlər. Bu, hazırda Bakı və İrəvan arasındakı sülh prosesində Ermənistanın bir töhfəsi olardı”.

Z. Məmmədov əlavə edib ki, Ermənistanın üzərinə götürdüyü öhdəlik var və bu proses tezləşdirməlidir:

“Ermənistan tərəfindən üzərinə götürülmüş öhdəlik var ki, Zəngəzur dəhlizi açılacaq. Amma bu hadisə Azərbaycan və Ermənistanın bu kimi prosedurları daha tez bir şəkildə həyata keçirməsinə səbəb ola bilər ki, mövcud proseslərə və şəraitə uyğun addımlar daha sürətli atılsın.

Düşünürəm ki, dünənki hadisə və eyni zamanda region ətrafında başlayan proseslər Azərbaycan və Ermənistan arasında bu və ya digər şəkildə Zəngəzur dəhlizinin açılmasını və ayrı-ayrı məsələlərə dair sazişlərin imzalanmasını tezləşdirməlidir.

Ona görə Ermənistan və Azərbaycan üçün hazırda əslində böyük bir imkan və şans var. Zəngəzur dəhlizi vasitəsilə məhz azərbaycanlılar Naxçıvana getməli, bu yoldan Azərbaycan ərazisinə də eyni zamanda, rahat şəkildə gediş-gəliş təmin edilməlidir”.


MANŞET XƏBƏRLƏRİ