ABŞ Ədliyyə Nazirliyi milyarder Ceffri Epşteynin istintaqı ilə bağlı 2019-cu ilə aid əvvəllər dərc olunmamış üç FTB müsahibəsinin xülasəsini yayımlayıb.
Turkustan.az xəbər verir ki, "FTB 302" adlandırılan bu hesabatların yanvar ayında dərc olunmuş milyonlarla səhifəlik Epşteyn sənədlərinə daxil edilmədiyi bildirilir.
Nazirlik rəsmiləri izah etdilər ki, sözügedən sənədlər əvvəlcə digər sənədlərin təkrarı olduğu düşünüldüyü üçün "dublikat" kimi qeyd olunub və buna görə də dərc edilməyib. Lakin araşdırma nəticəsində 15 sənədin səhvən dublikat kimi kodlaşdırıldığı aşkar edilib.
Hesabata görə, FTB 2019-cu ilin iyul və oktyabr ayları arasında adı açıqlanmayan bir qadınla dörd ayrı müsahibə aparıb. Bütün müsahibələrdə qadın Ceffri Epşteyn tərəfindən zorakılığa məruz qaldığını iddia edib. İkinci müsahibəsində o, Epşteynin onu 13-15 yaşlarında Nyu-Yorka və ya Nyu-Cersiyə apardığını və Donald Trampla tanış etdiyini iddia edib. Şahid həmin səfər zamanı Tramp tərəfindən də zorakılığa məruz qaldığını iddia edib. Lakin, 2019-cu ilin oktyabr ayında keçirilən dördüncü müsahibədə FTB agentləri tərəfindən dindirilməsinə baxmayaraq, Trampla baş verən hadisə barədə əlavə məlumat verməkdən imtina etdiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az