Ermənistanın “Hraparak” nəşri 57 kvadratkilometr ərazinin Azərbaycana veriləcəyini iddia edir. Nəşr yazır ki, Ermənistan ərazisi SSRİ vaxtında 29,800 kvadratkilometr göstərilirdi. Lakin baş nazir Nikol Paşinyan bir müddət öncə bu rəqəmin əslində 29,743 kvadratkilometr olduğunu dedi. Məhz ondan sonra artıq ölkə ərazisinin Paşinyanın açıqladığı rəqəmlə ifadə edilməsinə başlanıldı.
Bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan da ölkəsinin Azərbaycan ərazisinin 110 kvadratkilometr hissəsini öz nəzarətində saxladığını açıqlamışdı. “Hraparak”ın iddiasına görə, baş nazirin qeyd etmədiyi 57 kvadratkilometr ərazinin yaxın gələcəkdə Azərbaycana verilməsi nəzərdə tutulur, bu səbəbdən Ermənistan torpağı kimi təqdim edilmir. Sözügedən ərazisinin Zəngəzur dəhlizini əhatə edəcəyi güman olunur.
Turkustan.az xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, demarkasiya məsələsinin həlli üçün müxtəlif xəritələr ortaya atılır:
“Məsələn, Azərbaycan tərəfi daha çox irəli gedərək 1918–1920-ci illər, SSRİ-nin çəkdiyi birinci–ikinci xəritələri və sonda 1970-ci illərin xəritələrini qeyd edirdi. Bütün bu xəritələrdə ərazilər fərqli kvadratlarla göstərilib. Ümumiyyətlə, “Hraparak” nəşri və erməni müxalifəti rəsmi İrəvanın Zəngəzur dəhlizi dediyimiz ərazini Azərbaycana verə biləcəyini düşünür. Bu, hüquqi baxımdan da mümkün variantdır. Çünki SSRİ dönəmində həmin ərazi məhz Azərbaycana aid olub və buradan Ermənistana dəmir yolu xətti fəaliyyət göstərib. Müharibədən sonrakı dövrdə isə sözügedən dəmir yolu tünelləri dağıdılıb. Yəni bu məntiqlə həmin ərazinin bizə geri verilməsi mümkündür.
Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın buna getməsini mümkün hesab etmirəm. Paşinyan seçkilərdə qələbə qazanaraq belə bir addım ata bilərdi. Amma təəssüf ki, erməni müxalifəti artıq indidən məsələnin üzərinə düşüb. Ona görə də, hazırki məqamda ərazinin təhvili real görünmür.
Ümumiyyətlə, tərəflər arasında torpaq mübadiləsi ilə bağlı xeyli problem mövcuddur. Qazaxın üç kəndinin verilməsi, Kərki kəndi və Gədəbəyin Başkənd bölgəsi məsələsi var. Paşinyan da bunu tez-tez dilə gətirir. Erməni politoloqlar qeyd edir ki, Kərki ilə Başkəndi dəyişmək lazımdır.
Düşünürəm ki, sadalanan prosesləri seçkiqabağı mərhələdə tənzimləmək çətindir. Müxalifət isə bunu Paşinyanın əleyhinə çevirmək istəyir. Gələcəkdə məsələ ilə bağlı mübahisəli məqamlar ola bilər.”
Politoloq Zaur Məmmədov bildirib ki, hazırda Ermənistan müxalifəti seçkiöncəsi Paşinyan hakimiyyətinə təzyiqlər etməkdədir:
“Bu kontekstdə şərti sərhədlərdəki ərazilərlə bağlı hakim komandanın davranışlarına diqqət çəkir, ictimai fikri çaşdırmağa çalışırlar. Yaxın 6 ay ərzində Ermənistan daxilində vəziyyət daha da gərginləşəcək və Paşinyana qarşı siyasi, fiziki təqib maksimum olacaq. Ukraynadakı müharibə bitərsə, Qafqazdakı proseslər yeni görkəm ala bilər. Azərbaycan və Ermənistan hakimiyyətləri arasında dialoq davam edir. Bu təmaslar bir neçə istiqamət üzrə davam etdirilir.Zaur Məmmədov
Sərhədlərin delimitasiya və demarkasiyası prosesi həllini tapmalı olan birinci dərəcəli məsələ deyil. Digər bir sıra mövzuların həlli istiqamətində işlər gedir. Erməni tərəfi bilməlidir ki, yaxın 5 ildə “real Ermənistan” haqqında düşünməli və buna uyğun davranmalıdırlar”.