ABŞ Ukraynaya NATO tipli təhlükəsizlik zəmanətləri təklif edir - Axios


Amerikanın Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı yeni təklifləri Ukraynaya ABŞ və onun Avropalı müttəfiqlərindən NATO-da mövcud olan təhlükəsizlik zəmanətləri ilə təmin olunmasını nəzərdə tutur.

Turkustan.az xəbər verir ki, bu barədə Amerikanın Axios portalı məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ administrasiyası 28 bəndlik plan layihəsinə əlavə olaraq, Şimali Atlantika Müqavilənin bir və ya bir neçə NATO üzvü dövlətə silahlı hücuma məruz qalması halında kollektiv cavab tədbirləri nəzərdə tutan 5-ci maddəsi əsasında modelləşdirilmiş təhlükəsizlik zəmanətlərindən bəhs edən daha bir sənədin layihəsini Ukrayna tərəfinə təqdim edib .

Portalın dərc etdiyi sənədin layihə mətninə əsasən, ABŞ Rusiyanın Ukraynaya əhəmiyyətli, düşünülmüş və davamlı silahlı hücumunun transatlantik birliyin sülh və təhlükəsizliyini təhdid edən hücum kimi qiymətləndiriləcəyini təsdiq edir. Belə olan halda ABŞ prezidenti Ukrayna, NATO rəhbərliyi və avropalı tərəfdaşlarla dərhal məsləhətləşmələrdən sonra təhlükəsizliyin bərpası üçün zəruri tədbirləri müəyyən edəcək.

"Bu tədbirlərə silahlı qüvvələrin tətbiqi, kəşfiyyat və maddi-texniki təminat, iqtisadi və diplomatik addımlar, eləcə də məqsədəuyğun hesab edilən digər hərəkətlər daxil ola bilər. NATO və Ukraynanın iştirak etdiyi birgə mexanizm hər hansı pozuntu iddialarını ( sülh sazişi – red .) qiymətləndirəcək", - sənəd layihəsində deyilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ