ABŞ ordusunun Venesuelaya mümkün hərbi müdaxiləsi ilə bağlı xəbərlərin yayılmasından sonra Prezident Nikolas Maduronun ölkədən qaçmağa hazırlaşdığı iddia edilir.
Vaşinqtonun Venesuelada hakimiyyət çevrilişinə hazırlaşdığı, hətta birbaşa Maduronun hədəf alına biləcəyi deyilir. Maraqlıdır ki, Venesuela liderinin qaça biləcəyi ölkələr arasında Azərbaycanın da adı çəkilir. Hətta məlumata görə, Maduro əvvəlki illərdə Azərbaycana bir neçə dəfə səfər edib.
Bir zamanlar Bakıda, Dənizkənarı Bulvarda qonaq kimi gəzən Maduro hazırda hansı ölkəyə üz tuta bilər? Onun Azərbaycana sığınması mümkündürmü?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Nikolas Maduronun ölkədən qaçması fonunda sığınacaq üçün Azərbaycana müraciət etməsi mümkün deyil:
“Ümumiyyətlə, rəsmi Bakı belə bir tələbə müsbət cavab verməz. Düzdür, Maduronun Azərbaycanla münasibətləri hər zaman yaxşı olub. Ölkəmizə də səfər edən Maduroya Bakıda yüksək səviyyədə münasibət göstərilib. Lakin o, hazırda ABŞ Prezidenti Donald Trampın əsas düşmənlərindən biridir. Açıq şəkildə deyə bilərəm ki, Tramp Maduronu devirməyə çalışır.

Elxan Şahinoğlu
Venesuela lideri özü də problemli şəxsdir. Sonuncu seçkilərdə nəticələri açıq şəkildə saxtalaşdırıb. Digər tərəfdən, Trampın da Prezident İlham Əliyevlə münasibətləri çox yaxşıdır. 8 avqustda baş tutan Vaşinqton görüşü, bundan başqa “Tramp marşrutu” kimi məsələlər belə bir sığınma tələbini imkansız edir. Bakı indiki məqamda Vaşinqton ilə münasibətləri gərginləşdirmək istəməz”.