Ermənistanın Baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nun işə düşməsindən əvvəl Azərbaycanla elektrik ötürücü xətlərinin və qaz kəmərinin tikintisini reallaşdırmaq istəyir. Bu, Azərbaycanın maraqlarına uyğundurmu?
Turkustan.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Əlbəttə, Ermənistan iqtisadi baxımdan nə qədər Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşərsə, bu, ölkəmiz və bölgəmiz üçün faydalı olar. Bu mənada Azərbaycan gələcəkdə Ermənistana qaz sata bilər. Ancaq bunun reallaşması üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Əgər Paşinyan elektrik və qaz nəqlini erkən reallaşdırmaq istəyirsə, parlament seçkilərini erkən tarixə təyin etməli və referendum keçirərək Konstitusiyanı dəyişdirməlidir. Bu halda gələn il dəhlizin tikintisi ilə yanaşı qaz xəttinin bərpasının da şahidi ola bilərik”, - politoloq bildirib.
O vurğulayıb ki, Paşinyan dəhliz məsələsini bütövlüklə ABŞ-a yükləyib:
“Paşinyan “Tramp marşrutu”nun uzunmüddətli icarəyə verilməsi ilə bağlı iki variantdan birini seçəcək, ya 49 illik, ya da 99 illik müqavilələr imzalanacaq. Hər iki variant dəhlizə ABŞ-ın nəzarətini nəzərdə tutur. ABŞ dəhliz üçün gərəkli olan maliyyənin bir hissəsini ayırıb. Buna baxmayaraq, Paşinyan tikintinin 2026-ci ilin ikinci yarısında başlayacağına ümid edir. Tikintinin hansı tarixdə başlayacağı və sürəti Vaşinqtonun atacağı addımlardan asılı olacaq”. /axar.az/