Müharibə Nazirliyinin nəşri bədnam “907-ci düzəliş”in ləğvi üçün Konqresə çağırış edib - Bakının gözləntisi
ABŞ Müharibə Nazirliyinin (Pentaqon) “Stars and Stripes” nəşri Konqresi Azərbaycan əleyhinə olan “907-ci düzəliş”i ləğv etməyə və TRIPP (Zəngəzur dəhlizi) layihəsinin uğurunu möhkəmləndirməyə çağırıb. Bildirilir ki, “Azadlığı Müdafiə Aktı”na edilən bu bədnam əlavə Bakı ilə İrəvan arasında münaqişə zamanı erməni diasporunun təsiri altında qəbul olunub və keçmişin qalığına çevrilib.
Qeyd edək ki, “907-ci düzəliş” Donald Trampın Ağ Evə qayıdışı ilə daha bir il müddətinə dondurulub. Ancaq onun tam qüvvədən salınması Konqresdən və onun iki palatasından asılıdır.

Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması tarixi hadisədir. Bu düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi son dərəcə tarixi və rəmzi xarakter daşıyır. Hazırda donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də Prezident Tramp tərəfindən Azərbaycan üçün siyasi jestdir.
Yada salaq ki, 1992-ci ilin oktyabrında Ermənistanın lobbi qruplarının təsiri altında olan konqresmenlə təşəbbüsü ilə qəbul olunan bu ədalətsiz qərar ölkəmizi ABŞ-nin birbaşa dəstəyindən məhrum etdi və respublikamız sanksiyalara məruz qalmışdı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim etdiyi üçün sonradan bu düzəliş hər il müvəqqəti olaraq dayandırılırdı. 2023-cü ildə Bayden administrasiyasının həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etməsi mənfi münasibətin və yanaşmanın kulminasiyası idi.
“907-ci düzəliş” Azərbaycana ABŞ hökumətindən birbaşa yardım göstərilməsini qadağan edirdi. Məhz bu sənədlə humanitar yardımlar istisna olmaqla, Vaşinqtonun Bakı ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşmışdı. Ermənistan və Gürcüstan ABŞ-dən milyonlarla dollar dəyərində dəstək aldığı halda, Azərbaycan bu imkanlardan qərəzli şəkildə məhrum olunmuşdu. 907-ci düzəlişin tam ləğvi, yalnız siyasi jest deyil, həm də konkret faydalar deməkdir.
Əgər ABŞ Prezidenti Pentaqonun təklifini dəstəkləyib parlamentə belə bir müraciət ünvanlasa, düzəliş aradan qalxa bilərmi?
İkinci yandan, Pentaqon nədən düzəlişin tam ləğvini istəyir? Niyə məhz indi və niyə Dövlət Departamenti yox, məhz Müdafiə Nazirliyi Konqresə çağırış edir? Məsələdə yəhudi lobbisi nə dərəcədə Azərbaycana yardımçı ola bilər?
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Pentaqonun nəşrinin müraciəti səbəbsiz deyil. Onun sözlərinə görə, “907-ci düzəliş” ABŞ-nin Azərbaycana hərbi yardımlarını qadağan edir:

“Ölkənin Müharibə Nazirliyinin media orqanı da hərbi yardımı yasaqlayan qanunun ləğvi üçün çağırış edib. O demək deyil ki, Konqresin müsbət mövqeyi olacaqsa, ABŞ Azərbaycana hərbi dəstək verəcək. Hazırda buna zərurət də yoxdur. Sadəcə, ədalətin gec də olsa yerini tapması vacibdir. Pentaqonla yanaşı Ağ Ev liderinin də Konqresə müraciəti yaxşı olardı. O ki qaldı Dövlət Departamentinin müraciət etmək zərurətinə, əlbəttə, bu qurum da müraciət edə bilər, sadəcə, hərbi yardımlarla bağlı sanksiya olduğuna görə Pentaqon müvafiq orqan olaraq təşəbbüs qaldırıb”.
Q.Hüseynli bildirib ki, “907-ci düzəliş”in dayandırılması ABŞ liderinin qətiyyətli mövqeyi sayəsində mümkün olub: “Ancaq qanunun ləğvi üçün Konqres qərar verməlidir. Bu da çətin, amma mümkündür. Çünki Birləşmiş Ştatlarda qanunu dəyişmək elə də asan proses deyil. Düzdür, onun qeyri-müəyyən müddətə dayandırılması mümkündür, ləğvi isə Konqresin qərarından asılıdır. Hazırda respublikaçıların Konqresdə sayca üstün olduğunu nəzərə alsaq, bunun üçün fürsət olduğunu görürəm. Demokratlar isə müqavimət göstərməyə çalışacaq. Xüsusən də erməni lobbisi təzyiqi və təsiri artıracaq. Amma biz də boş oturmalı deyilik və Pentaqonun nəşrinin müraciətini əldə əsas tutaraq məsələnin üzərinə getməliyik. İlk növbədə rəsmi Bakı diplomatik həmlələrini artırmalı, Pentaqon kimi nəhəng strukturun çağırışına istinad edərək Konqresdə məsələnin gündəmə gətirilməsi üçün çalışmalıdır. İkincisi, ABŞ-də olan lobbi və diasporumuz fəal çalışmalıdır, ermənilərə fürsət verməməlidir. Habelə, Dövlət Departamenti ilə əlaqələri gücləndirməliyik ki, məsələ Konqresdə qaldırılsın. Qanunverici orqanda respublikaçı dostlarımızın da təşəbbüskar olması lazımdır”.
Q.Hüseynli “907-ci düzəliş”i ən ədalətsiz qərarlardan biri sayır və regionda yaranmış yeni reallıqda isə bu aktı əhəmiyyətsiz hesab edir: “Bu qadağaya baxmayaraq, Azərbaycan yeni silahlar aldı, ordusu gücləndi və işğala son qoydu. Bu gün də yeni və müasir silahlar alırıq, insansız qoşun növü yaratmışıq, F-16 qırıcılarının Bakı səmasında uçuşu siyasi cəhətdən böyük anlam daşıyır, yəni "907-ci düzəliş" artıq mənasızdır, Ermənistanın da işinə yaramır. Onsuz da bölgədə sülh proses gedir və bu cür bədnam qərarlar işləmir".
Hərbi ekspert Ramil Məmmədli də Pentaqonun nəşrinin çağırışına müsbət reaksiya gözləyir. Onun sözlərinə görə, noyabrın 8-də keçirilən hərbi paradda Azərbaycan Ordusunun qüdrəti bir daha nümayiş etdirildi və düşmənlərə gözdağı verildi:

“Bu səbəbdən, "907-ci düzəliş"in nə qədər yararsız olduğu növbəti dəfə sübut olundu. Azərbaycan hərbi potensialını ilbəil artırır, hərbi sənaye-kompleksini inkişaf etdirir, İsrail, Türkiyə, Rusiya, Serbiya, Belarus və digər ölkələrdən müasir silahlar alır, ona görə də “907-ci düzəliş” işləmir, ləğvi də çox gecikib. Bu ədalətsiz qərar veriləndə torpaqlar işğal olunurdu. Dünyada analoqu olmayan hadisədir ki, işğala məruz qalan dövlətə hərbi yardımları qadağan edən sanksiya tətbiq olunur. Biz həm də belə ədalətsiz qərarlarla mübarizə apararaq düşməni torpağımızdan qovmağa nail olmuşuq, həqiqət yerini tapıb. Bu baxımdan, Pentaqondan olan müraciəti Konqres praqmatik və rasional yanaşaraq geri çevirməməlidir. Xüsusən də respublikaçı konqresmenlərin təşəbbüs qaldırmasını gözləyirik".