Ermənistan baş naziri Nikol Paşinyanın ölkədə 10 yeni məscidin tikintisinə başlanılması barədə təşəbbüs irəli sürdüyünü bildirilir.
Turkustan.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin ODATV nəşri yayıb. Qeyd olunub ki, layihə barədə məlumat hökumətə yaxın mənbələrə əsaslanır.
Jurnalistlərin yazdığına əsasən, beş məscid Ermənistan-Türkiyə sərhədinə yaxın rayonlarda, digər beş məscid isə ölkənin iri şəhərlərində inşa ediləcək.
Nəşrin iddiasına görə, təşəbbüs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də dəstəklənib və Ankara bunu iki ölkə arasında mədəni-dini əlaqələrin güclənməsi üçün imkan kimi qiymətləndirir.
Məqalədə o da bildirilir ki, ölkə əhalisinin təxminən 98 faizinin xristian olmasına baxmayaraq, Paşinyan layihəni müsbət qarşılayıb və tikintinin maliyyələşdirilməsi üçün vəsaitin artıq Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi vasitəsilə ayrıldığı iddia olunur.
Nəşr yazır ki, tikintiyə dekabrın əvvəlində start veriləcəyi gözlənilir. Hazırda Ermənistanda yalnız bir məscid - İrəvandakı Göy məscid fəaliyyət göstərir.
Türkiyə mediası bu addımı Ermənistan hökumətinin mədəni müxtəlifliyə açıq olması və tarixi-siyasi gərginliyin yumşaldılması istiqamətində jest kimi təqdim edir.
Ermənistan hökumətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. /Modern.az/