İrandan dünyanı sarsıdacaq “sürpriz” addım – Əraqçi böyük anonsu verdi


İran xarici işlər naziri Abbas Əraqçinin son paylaşımı diqqət çəkib. O, Qərb ölkələrini və dünya iqtisadiyyatını ağır neft böhranı ilə hədələyib. Nazir bildirib ki, dünya böyük neft krizinə və qiymət artımına hazır olmalıdır.

Sitat: “Tehran ABŞ-ın İranın neft və nüvə obyektlərinə zərbələr endirmək planlarından xəbərdardır. Tam hazırıq və bizim də ABŞ-a çoxlu sürprizlərimiz var”

İranın belə qlobal böhran yaratmaq imkanları varmı?

Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, İrana hərbi müdaxilənin başladığı gündən etibarən Hörmüz boğazının blokada edilmə riski yaranıb:

“Hətta müharibənin ilk günlərində təchizatın kəsilə biləcəyi qorxusu ilə neftin qiyməti 119-120 dollar/barrel civarına qədər qalxdı. Bu, qısa müddətdə təxminən 30%-ə qədər qiymət artımı deməkdir. Hazırda “Brent” markalı neftin bir barrelinin qiyməti təxminən 90-92 dollar ətrafında dəyişir. Qiymət pikdən düşsə də, müharibədən əvvəlki səviyyədən hələ də yüksəkdir. Eləcə də, “Azerilight” markalı neftin qiyməti qısa müddətə 120-125 dollar pik həddinə çıxıb. Bu, müharibə başlayan gündən indiyə qədər təxminən 22-23%-lik artım deməkdir. Əgər Hörmüz boğazı bağlansa və ya ciddi bloklansa, neftin bir barrelinin qiyməti 150-200 dollar səviyyəsinə qədər yüksələ bilər. Çünki Hörmüz boğazı dünya neft tədarükünün təxminən 20-30%-nin keçdiyi strateji keçiddir.

Fars körfəzində yerləşən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, İraq və Qətər kimi iri neft hasilatçı ölkələrinin nefti məhz bu boğaz vasitəsilə dünya bazarına çıxarılır. Gündə 17-20 milyon barrel neft bu marşrutla daşınır. Əraqçinin məlum bəyanatı bəlkə də, geosiyasi təzyiq və psixoloji mesajdır. Lakin İranın həqiqətən də qlobal neft bazarını ciddi şəkildə sarsıtmaq potensialı var”.

vusale ehmedova 1

Vüsalə Əhmədova

İqtisadçı bildirib ki, Hörmüz boğazı beynəlxalq sular sayılmır, İranın və Omanın ərazi sularıdır:

“Buradan gəmilərin keçməsinə “tranzit keçid” hüququ tanınır. Xatırladım ki, bu boğazdan gəmilərin keçidi BMT Dəniz Hüququ Konvensiyası ilə tənzimlənir. Boğazdan keçidi tənzimləyən xüsusi bir konvensiya mövcud deyil. Dəniz Hüququ Konvensiyasına görə isə bütün dövlətlərin ticarət və hərbi gəmiləri boğazdan dayanmadan, fasiləsiz keçə bilər. Hüquqi baxımdan sahilyanı dövlətlər keçidi tam bağlaya bilməz. Lakin normal vəziyyətdə Hörmüz boğazını bağlamaq hüququ olmasa da, hərbi və təhlükəsizlik səbəbilə sahilyanı dövlətlər faktiki olaraq gəmiçiliyi risk altına qoya bilərlər.

Əgər sahilyanı dövlətlərdən biri, İran və ya Oman başqa ölkə ilə rəsmi silahlı münaqişədədirsə və təhlükəsizliyini qorumaq üçün hərbi tədbirlər görürsə, dəniz blokadası mümkündür. Bu səbəbdən təhlükəsizliyinin təhdid altında olduğunu əsas gətirərək İranın keçidi məhdudlaşdırmaq hüququ var. Belə halda bu, müharibə hüququ çərçivəsində qiymətləndiriləcək. Eyni zamanda, İran da böyük neft istehsalçısıdır. Gündə təxminən 3-4 milyon barrel hasilat həyata keçirir. Əgər müharibə səbəbilə sözügedən istehsal bazardan çıxarsa, bu da əlavə təzyiq yaradacaq”.


MANŞET XƏBƏRLƏRİ