İranın “Qorbaçov”u...


İki azərbaycanlıdan hansı Tehranda söz sahibi olacaq: Müctəba, yoxsa Məsud?

Sovet İttifaqının dağılmasından 36 il keçsə də, hələ də onun ilk və son prezidenti haqda “Allah Qorbaçovun evini yıxsın” deyənlər var. Digər keçmiş sovet xalqlarını bilmirəm, amma azərbaycanlılar, xüsusən bir az yaşlı nəslin nümayəndələri arasında belə qarğış edənlər az deyil. Bunun səbəbini bir çox amillərlə izah etmək olar. Lakin birinci əsas odur ki, Azərbaycan üçün 30 il davam edən Qarabağ münaqişəsi yaradıldı. Sözsüz ki, SSRİ xiffətini çəkənlər də var və onlar sosial quruluşun imtiyazlarını hər dəfəsində qabardırlar. Qorbaçovun “yenidənqurma” siyasəti isə nəinki o imtiyazların genişlənməsinə, bütövlükdə sistemin süqutuna səbəb oldu. Bu gün də onun “perestroyka” siyasətini yanlış adlandıranlar, ünvanına “Qərbin agenti” deyənlər var.

Ancaq bu günə qədər mübahisə davam edir - Qərb Qorbaçovun əli ilə SSRİ-ni dağıtdı, yoxsa islahatlar əks-effekt verdi?..

Bir dövlətin “iki şiri”

Bu gün Qorbaçovu yada salmağın əhəmiyyəti ondadır ki, İranın çalxalanması nəzərləri həm də bu ölkənin prezidentinə yönəldib. Elə bu yazı hazırlanarkən məlum oldu ki, İranın yeni ali dini rəhbəri seçildi. Müctəba Xamenei atasının missiyasını yerinə yetirməlidir. Lakin bu təyinatın ölkəyə nə vəd etdiyini indidən demək çətindir. Bir yanda şəriət sistemi və onun başında oğul Xamenei, himayəsində SEPAH, bir yanda isə doktor Məsud Pezeşkianın hökuməti və Müdafiə Nazirliyi (Ərteş) var. Elə Naxçıvana olan PUA hücumu da bir daha təsdiqlədi ki, İran ikili sistemin əlində necə girinc qalıb. Azərbaycan əmindir ki, dronla hücumu SEPAH həyata keçirib, amma Tehran rəsmiləri bunu hər çıxışında malalamağa çalışır. Ölkənin xarici işlər naziri Abbas Əraqçi, ardınca Bakıdakı səfiri, son olaraq isə prezident Pezeşkianın şəxsən Azərbaycan Prezidentinə zəng edərək bu hadisənin İranla əlaqəsinin olmadığını bildirməsi, amma araşdırma aparılacağı vədini verməsi göstərir ki, cənub qonşumuzda ikitirəlik həm də region ölkələri ilə münasibətlərdə zərər vurur.

Pezeşkian qonşu ölkələrə müraciət etdi | Modern.az

Elə ötən həftə Pezeşkian qonşu ölkələrə hücum etməyəcəklərini deyərək üzr istəmişdi ki, çox keçmədən yenə İran tərəfindən körfəz dövlətlərinə zərbələr endirildi. Ona görə də bu cür davranışlar İrana və onun prezidentinə qonşu ölkələrin etimadını azaldır. Çünki onun verdiyi sözü SEPAH görməzdən gəlir. Onda Azərbaycan və digər qonşular Pezeşkiana necə inansın?! Hələ bu azmış kimi, muxtar respublikaya hücumla bağlı hadisənin ilk günü, ən azı ertəsi İran prezidenti azərbaycanlı həmkarına zəng edə bilərdi. Bax, belə bir ikibaşlı sistemin olduğu İran üçün vəziyyət SSRİ-nin sonlarına yaxın dövrlərdən də pis görünür. Bəs Pezeşkian belə bir taleyüklü dövrdə ölkəsinin “Qorbaçov”u ola biləcəkmi? Axı o, prezident seçiləndə bu müqayisə çox aparılırdı...

Trampın üç namizədi və SSRİ xəbərdarlığı

İran ətrafında proseslərin hara aparıldığı hələ ki qeyri-müəyyən olaraq qalır. Bu da ən əvvəl rəsmi Tehranın, özəlliklə yeni ali dini liderin verəcəyi qərarlardan asılı olacaq.

Bu hadisələr başlamazdan çox əvvəl politoloq Sergey Markov bölgədəki hadisələri şərh edərkən demişdi ki, Qərb getdikcə daha fəal şəkildə Tehranı “yenidənqurma”ya başlamağa sövq edəcək: “Lakin farslar buna bir anda başlasa, nəticə bizdəki (SSRİ-dəki - E.Ş.) kimi olacaq”.

Ancaq Markov müqayisə apararkən bir nüansı gərək nəzərdən qaçırmazdı. Söhbət ondan gedir ki, İranda Xameneinin oğlunun səlahiyyətləri prezidentdən qat-qat üstündür. Belə şəraitdə isə Pezeşkian ABŞ və Qərb üçün hansı rolu oynaya bilər?

Maraqlı və incə məqam odur ki, ötən həftə Ağ Ev lideri Donald Trampın bəyanatlarında iki mühüm mesaj var idi: birincisi, ABŞ prezidenti Müctəbanı ali rəhbər kimi qəbul etmədi, onun atasının yolu ilə gedəcəyini deyərək Vaşinqtonun İran üçün dini lider seçməsinin vacibliyini vurğuladı. Yəni Əli Xamenei kimi oğlu da ABŞ-nin hədəfidir. İkincisi, ABŞ lideri İranda 2-3 namizədlərinin olduğunu bəyan etdi və dedi ki, onların müharibədən sağ çıxması lazımdır. İndi kim bilir, bəlkə elə o namizəddən biri də elə doktor Məsud Pezeşkiandır? (Hərçənd onlardan birinin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani olması da istisna deyil).

Pezeşkian təhlükəsiz yerdədir | Modern.az

Ancaq Pezeşkianın ABŞ üçün əsas namizədlərdən biri olacağı ağlabatan görünür. Sadəcə, buna qədər ya teokratik sistem demontaj olmalı, ya da İranda prezidentin səlahiyyətləri artırılmalıdır. Bundan əlavə, 28 fevral bombardmanında Xamenei, ailə üzvləri və yüksək rütbəli şəxslərin öldürülməsi göstərdi ki, ABŞ bu əməliyyat zamanı Pezeşkianı da öldürə bilərdi. Amma bunu etmədilər və bu gün İran hökumətinin üzvlərinin hədəf olmadığı müşahidə edilir. Yəni hədəf dini sektora aid qüvvələr və SEPAH-dır. Hazırda hökumət rəsmiləri öldürülmür. O baxımdan, Pezeşkianı yeni İran üçün ən məqbul namizədlərdən biri kimi dəyərləndirənlər kifayət qədərdir.

Qısa zamanda iki müharibə yaşayan prezident

Qeyd edək ki, Pezeşkian islahatçılar qanadındandır. Prezidentliyə namizəd olanda analitiklər onun ölkədə bir sıra dəyişikliklərə gedəcəyini, Qərblə münasibətləri yaxşılaşdıracağını proqnozlaşdırırdı. Lakin müharibə nə Mahmud Əhmədinejat, nə Həsən Ruhani, nə İbrahim Rəisi dövründə oldu, məhz Məsud Pezeşkianın prezidentliyindən sonra İran iki müharibə yaşayıb. Əvvəlcə 12 günlük müharibədə ölkə ağır zərbələr aldı, generalitetdən nüfuzlu fiqurlar aradan götürüldü, indi isə 28 fevraldan İran müharibə içərisindədir. Lakin bu dəfə daha hazırlıqlı görünür...

Ona görə də Pezeşkianın siyasi kursunu həyata keçirməsi mümkün olmadı. İran prezidenti islahatlar aparmaq, sanksiyaların yumşalması üçün ABŞ və Qərblə əlaqələri normallaşdırmaq niyyətində idi.

Əgər bundan sonra yeni İran qurulacaqsa, Tramp üç namizəddən biri kimi Pezeşkianı görəcəksə, o zaman Vaşinqton-Tehran münasibətlərində tarixi səhifə açıla, regionda fərqli dövr başlana bilər. Bu, Azərbaycan üçün də məqbuldur. Yetər ki, indi SEPAH-ın idarə etdiyi və Pezeşkianın iradəsindən kənarda qərarların qəbul edildiyi İran rejimi olmasın.

Pezeşkian Azərbaycana gəlir

Belə bir dəyişiklik isə tarixə Pezeşkianın bir fərqli formada (çünki situasiyalar, sistemlər fərqlidir, istənilən müqayisə qüsurludur - E.S.) İranın “Qorbaçov”u kimi düşməsinə gətirib çıxara bilər.

Yeri gəlmişkən, “Qərb İranda "yenidənqurma" görmək istəyir. Lakin bu baş verərsə, nəticə SSRİ-də olduğu kimi olacaq", - Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko da vaxtilə belə demişdi. “Artıq iranlı Qorbaçov da var - o, sanksiyaların aradan qaldırılması üçün Qərblə dostluq etmək istəyir”, - Korotçenko Məsud Pezeşkianı nəzərdə tutaraq yazmışdı. Eyni zamanda Pezeşkianın seçkidə qələbəsindən cəmi iki gün sonra İran hakimiyyətinə müxalif “İran İnternational” televiziya kanalı populyar analitik proqramı olan “Çeşməndaz”, yəni “Perspektiv” verilişində “Pezeşkian İranın Qorbaçovu olacaqmı?” mövzusunda ekspert müzakirəsi təşkil etmişdi. Həmçinin “Arman-e emruz” qəzeti özünün birinci səhifəsində Məsud Pezeşkian barədə “İranlı Qorbaçovun manifesti” başlıqlı məqalə dərc edib. Məsələnin qəribə cəhəti odur ki, sözügedən qəzet Pezeşkianı dəstəkləyən islahatçı cərəyana bağlıdır. Bütün hallarda Pezeşkian İranı dağıtmaq yox, sadəcə, Qərb və ABŞ ilə əlaqələrini yaxşılaşdırmaq istəyən biri kimi ölkəsinin “Qorbaçov”u ola bilər. Ancaq hər şeydən əvvəl qonşularla, Azərbaycanla münasibətlərdə kim olursa-olsun, diqqət və həssaslıq mütləqdir.

Pezeşkian Azərbaycana söz verdi

Doktor Məsud kimdir?

Arayış üçün xatırladaq ki, 1945-ci il təvəllüdlü Pezeşkian Təbrizin Məhabad bölgəsində dünyaya gəlib. Ata tərəfindən azərbaycanlı və ana tərəfindən kürd olduğu bildirilir. Pezeşkian ibtidai təhsilini doğulduğu Məhabadda başa vurduqdan sonra Urmiyə Kənd Təsərrüfatı Texnikumunun qida sənayesi üzrə magistr dərəcəsinə yiyələnib. O, 1973-cü ildə hərbi xidmət üçün Sistan və Bəlucistan əyalətinin Zabul şəhərinə getməli olub. 1974-cü ildə hərbi xidməti başa vurduqdan sonra ikinci diplomunu təcrübi elmlər sahəsində qazanan Pezeşkian 1975-ci ildə Təbriz Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul olur.

O, İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə mütəxəssis dərəcəsinə malikdir. İlk dəfə dövlət xadimi kimi 2001-2005-ci illərdə Seyid Məhəmməd Xatəminin ikinci prezidentlik dövründə səhiyyə naziri vəzifəsini tutub.

2005-cı ildə Təbriz, Azərşəhr və Üskü seçki dairələrinin nümayəndəsi kimi parlamentə daxil olub, 10-cu parlament çağırışında spikerin birinci müavini seçilib.

Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılması əksər soydaşlarımızla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin, o cümlədən ovaxtkı millət vəkili Məsud Pezeşkiyanın da etirazına səbəb olmuşdu.

İndi isə gözlər Trampdadır: iki azərbaycanlıdan hansı İranda əsas söz sahibi olacaq - Müctəba Xamenei, yoxsa Məsud Pezeşkian... /musavat.com/


MANŞET XƏBƏRLƏRİ