Maşın bazarını “vuran” müharibə: 23000–6000 manat əlavə xərc yaranıb”


Yaxın Şərqdə artıq 12 gündür davam edən müharibə bir çox ölkələrə təkcə siyasi deyil, iqtisadi baxımdan da mənfi təsir göstərir.

Münaqişə səbəbindən bəzi ölkələrə idxal olunan malların qiymətində artım gözlənilir, bəzi məhsulların isə müharibə bölgələrindən gətirilməsi çətinləşib. Bu sıraya avtomobil, elektronika, qızıl bazarı da daxildir.

Bəs Yaxın Şərqdə baş verən müharibə Azərbaycanın avtomobil bazarına necə təsir göstərir?

İqtisadçı Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, son iki həftədə avtomobil idxalında zəifləmə ilə bağlı müəyyən dalğalanmalar müşahidə olunmağa başlayıb. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən insidentlər logistika sahəsində müəyyən çətinliklər yaradıb:

“Burada müəyyən risklər, tranzit marşrutlarında gecikmələr və əlavə məsafələr yaranır ki, bu da qlobal logistika xərclərini və nəqliyyat müddətini artırır. Daha uzun marşrutlardan istifadə olunur.

Məsələn, Süveyş kanalı və Körfəz istiqamətində tətbiq olunan məhdudiyyətlər gəmiçilik xərclərini artırır və konteynerlərin çatdırılma müddətini uzadır. Müharibə riski səbəbindən logistika və daşınma xərcləri ilə yanaşı, sığorta xərcləri də artır. Bu artım orta hesabla 2–7 faiz, yəni milli valyuta ilə desək 3000–6000 manat civarında əlavə məsrəf yaradır.

Məhsulun yekun qiyməti isə onun istehsalı və çatdırılmasına çəkilən xərclərdən asılıdır. Bu xərclər artdıqca, məhsulun maya dəyəri və nəticədə satış qiyməti də yüksəlir”.

İqtisadçının sözlərinə görə, son iki həftədə neft və qaz qiymətlərində də dalğalanma müşahidə olunub. Bunun əsas səbəbi daşımaların böyük hissəsinin Hörmüz boğazı vasitəsilə həyata keçirilməsidir:

“Dubaydan gətirilən avtomobillərin azalması Azərbaycanda alıcıların digər alternativ bazarlara üz tutmasına səbəb olur. Bu səbəbdən ABŞ və Koreya bazarlarından avtomobil alışlarında artım müşahidə olunur”.

İqtisadçı qeyd edir ki, əsas idxal olunan ölkələrdən tədarük azaldıqda və digər ölkələrdən avtomobil gətirildikdə, qiymətlərdə də müəyyən artım müşahidə oluna bilər.


MANŞET XƏBƏRLƏRİ