İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İranın Azərbaycana qarşı heç bir hücum həyata keçirmədiyini deyib.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Pezeşkian İranın heç vaxt Azərbaycana qarşı hərbi əməliyyatlar aparmadığını və Cənubi Qafqazda vəziyyəti qeyri-sabitləşdirməkdə maraqlı olmadığını vurğulayıb.
İran prezidenti ölkəsinin siyasətinin mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə və münaqişələrin qarşısının alınmasına, eləcə də region ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsinə yönəldiyini qeyd edib.
Pezeşkian Tehranın dövlətlərin ərazi bütövlüyünün qətiyyətlə qorunmasını müdafiə etdiyini və eyni zamanda davamlı sülhün bərqərar olması səylərini dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, Pezeşkian ötən gün axşam saatlarında Putinlə telefonda danışıb. Bu gün isə qonşu ölkələrə edilən hücuma görə üzr istəyib.
Onun Azərbaycan Prezidentinə bu ümumi üzrxahlıqdan sonra zəng edəcəyi gözlənilir.
İran PUA-ları Naxçıvan aeroportuna və orta məktəbə 5 martda hücum edib. Nəticədə 4 nəfər yaralanıb, aeroportun terminalı və uçuş-enmə zolağına, o cümlədən məktəb binasına ziyan dəyib.
Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.