ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları davam edərkən bölgədə vəziyyət getdikcə daha da gərginləşir. Hava zərbələri və hərbi infrastruktura yönələn hücumlar müharibənin gedişatını müəyyənləşdirən əsas amillərdən biri kimi qiymətləndirilir.
Vaşinqton əməliyyatların planlaşdırılandan daha sürətli getdiyini bildirsə də, münaqişənin növbəti mərhələsi ilə bağlı suallar açıq qalır. Xüsusilə ABŞ-ın İrana quru qoşun göndərib-göndərməyəcəyi məsələsi beynəlxalq gündəmdə ən çox müzakirə olunan mövzulardan biridir. Rəsmi açıqlamalarda hazırda quru əməliyyatlarının planlaşdırılmadığı bildirilsə də, bəzi siyasətçilər və hərbi rəsmilər bu variantın tam istisna olunmadığını qeyd edirlər.
Maraqlıdır, ABŞ və İsrail İrana quru qoşun göndərə bilərmi? Belə bir ehtimal varmı? Turkustan.az bu suallarla politoloq Zaur İbrahimliyə müraciət etdi.

Zaur İbrahimli
Hərbi analitiklərin ümumi fikrinə görə, hazırkı şərtlər ABŞ və İsrailə İranda quru əməliyyatları keçirməyə imkan vermir. Xüsusilə də genişmiqyaslı quru əməliyyatlarının həyata keçirilməsi real görünmür. İranın ərazisi çox böyükdür və əsasən dağlıq relyefdən ibarətdir. Eyni zamanda İran son onillik ərzində geniş yeraltı müdafiə infrastrukturu qurub. Bu sistemləri quru əməliyyatları ilə zərərsizləşdirmək o qədər də asan deyil. Digər tərəfdən, İran ordusu həm coğrafiyanı, həm də ərazini çox yaxşı tanıyır.
ABŞ və İsrail hərbçiləri üçün isə bu amil ciddi çətinlik və çağırış yarada bilər. Bundan əlavə, İraq müharibəsi zamanı ABŞ əvvəlcədən muzdlu qüvvələri cəlb edən özəl mühafizə və ya hərbiləşdirilmiş şirkətlər yaratmışdı. Həmin qüvvələr əsasən quru əməliyyatlarında istifadə olunurdu və nəticədə nizami ordunun itkiləri nisbətən az olurdu. İranla bağlı isə belə bir hazırlığın görüldüyünə dair məlumat yoxdur.
Bu səbəbdən mümkün quru əməliyyatları zamanı böyük canlı qüvvə itkisi ehtimalı qaçılmaz görünür. İran ordusunun say tərkibi də kifayət qədər böyükdür. Bundan başqa, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) nəzarətində olan elit hərbi birliklər mövcuddur və onların ciddi zərər vurmaq imkanları var. Digər tərəfdən, müasir müharibələrdə dronların geniş tətbiqi quru əməliyyatlarının xarakterini də dəyişib. Rusiya–Ukrayna müharibəsində gördüyümüz kimi, dronlar döyüş şəraitini tamamilə dəyişir və böyük itkilərə səbəb ola bilir.
Xüsusilə zirehli texnikanın hərəkəti ciddi şəkildə məhdudlaşır. Bu isə quru əməliyyatlarını daha riskli, daha baha başa gələn və böyük canlı itkilərlə müşayiət olunan əməliyyatlara çevirir. Bununla yanaşı, ABŞ-da yaxınlaşan Konqres aralıq seçkiləri, İsraildə isə sentyabr ayında keçiriləcək parlament seçkiləri də siyasi baxımdan mühüm faktorlardır. Böyük canlı qüvvə itkiləri hər iki ölkədə daxili siyasi vəziyyətə ciddi təsir göstərə bilər. Bu baxımdan genişmiqyaslı hərbi əməliyyatların başlanacağı ehtimalı aşağı qiymətləndirilir. Ayrı-ayrı bölgələrdə məhdud desant əməliyyatlarının keçirilməsi mümkündür. Lakin bunlar lokal və məhdud xarakter daşıyacaq.
Ümumilikdə isə quru əməliyyatları ilə İran kimi böyük əraziyə və təxminən 90 milyon əhaliyə malik bir ölkəyə nəzarət etmək real görünmür. Üstəlik, ölkədə mərkəzi hakimiyyətin tam dezinteqrasiyaya uğradığına dair məlumat yoxdur. Ordu hissələrinin idarə olunması müəyyən çətinliklərə baxmayaraq hələ də davam edir. Bütün bunlar göstərir ki, ABŞ və İsrail tərəfindən İrana qarşı genişmiqyaslı quru əməliyyatlarının həyata keçirilməsi gözlənilmir. Yalnız bəzi strateji nöqtələrdə – məsələn, Hörmüz boğazı ətrafında və ya müəyyən hərbi obyektlərə qarşı məhdud desant əməliyyatlarının keçirilməsi ehtimalı istisna edilmir. Lakin bunlar lokal və məhdud miqyaslı olacaq.
Aytən Yaşar/ Turkustan.az