İran müharibəsi: ABŞ-ın ilk raundda məğlubiyyəti


İsrail və ABŞ İranda "yaxşı" vuruşdular - Axmaq qərarlar seriyası isə davam edə bilər

Əslində ABŞ və İsrail İranla müharibənin ilk raundunda məğlub olublar. Fakt budur ki, Vaşinqtonun planı baş tutmayıb, Hörmüz boğazı hazırda yalnız Çin və İran gəmiləri üçün əlçatandır. Çinin Fars körfəzindən neft trafikini tənzimlədiyini nəzərə alsaq, məlum olur ki, amerikalılar mübarizə aparıblar, amma hələlik çinlilər nəzarəti ələ keçiriblər.

Üstəlik, yüksək neft qiymətləri Rusiya üçün əlavə neft və qaz gəlirləri gətirib, onun çökən büdcəsinin bərpasında kömək edib. Hindistan yenidən Rusiya neftini alır, Avropa isə “Novatek”in bütün mayeləşdirilmiş təbii qazını alıb. Novorossiyskdəki terminallar tam gücü ilə işləyir. İndi isə hətta Rusiya neft ixracına qarşı sanksiyaların qaldırılması barədə də söhbətlər gedir. Aydındır ki, qlobal neft bazarındakı bu vəziyyətdə Rusiya neft emalı zavodlarına və neft infrastrukturuna Ukraynanın hücumları dayandırıla bilər.

Körfəz monarxiyaları infrastrukturlarının və geosiyasi ekosistemlərinin kövrəkliyini qəbul ediblər və indi "qoruyucu" axtaracaqlar. Lakin ABŞ regiondakı müttəfiqlərini qoruya bilməyib.

Beləliklə, bu müharibə zamanı Körfəz monarxiyaları ilə ABŞ arasında strateji tərəfdaşlıq (əvvəlki Körfəz müharibələrində olduğu kimi) güclənməyib, əksinə, zəifləyib. Və bunun məntiqi bir izahı var. ABŞ əvvəlki iki müharibəsini NATO müttəfiqlərinin dəstəyi ilə, lakin İsrailin iştirakı olmadan İraqla aparıb. Üstəlik, ABŞ İsraili İraqa qarşı qisas hücumlarından çəkindirmək üçün əlindən gələni edib və İsrail qüvvələrini koalisiyaya daxil etməyib. Məntiq aydındır: Vaşinqton bu müharibələri İsrail-Ərəb müharibəsi, daha da artığı, İsrail-Müsəlman müharibəsi kimi təqdim etmək istəmirdi. Körfəz monarxiyalarının dəstəyini formalaşdıran da məhz bu idi.

İndi ABŞ İrana qarşı yalnız bir müttəfiqi - İsrail ilə müharibə aparır və müharibə dərhal eskatoloji çalar almış, yəni dini qarşıdurma xarakteri qazanmışdır. Fakt budur ki, İsraillə müharibə İran təbliğatının mərkəzinə çevrilib və ABŞ "İsrailin sponsoru" kimi təqdim olunur. İranın şəbəkə mərkəzli, şəxsiyyətsizləşdirilmiş idarəetmə sistemi nəzərə alındıqda, Xameneyinin öldürülməsi heç nəyə nail olmaq demək deyil.

Kürdlər Suriyadakı son "aldatma"dan sonra ABŞ üçün atəşə atılmaqdan imtina etdilər. Türk raketləri hələ də öz yerlərindədir: anbarlarda və daimi bazalarda...

Bütün bu xaosun ortasında İsrail və Livan ordusu “Hizbullah”ı cənubi Livandan təmizləyə bilər. Ən azından bu, bir növ nəticə olardı, baxmayaraq ki, bu, məlum deyil. Amma xərc/fayda nisbəti hələ də fəlakətlidir...

İkinci müharibə mərhələsi olacaqmı - quru əməliyyatı, səhrada ilğıma qarşı taktiki nüvə silahlarından istifadə? Əslində bütün bunlar mümkündür və bu, daha dəhşətli olar. Ümumilikdə, İsrail və ABŞ İranda "yaxşı" vuruşdular. Axmaq qərarlar seriyası isə davam edə bilər.

Müəllif: Aleksey Kuşç, ukraynalı iqtisadçı, maliyyə analitiki

Mənbə: UNİAN

Tərcümə AYNA.AZ-a məxsusdur.


MANŞET XƏBƏRLƏRİ