Sənətin estetik dili, əslində, şüuraltının gizli qışqırığıdır


Bir imza, bir şeir rubrikasında növbəti görüşümüzdür.
Bugünkü qonağımız Cavidan xanımdır.

Xoş gördük Sizi, Cavidan xanım.

Xoş gördük hər birinizi, əziz sənətsevərlər!

Biz öz daxili obrazlarımızdan qorxduğumuz müddətcə, onlarla heç vaxt ortaq dil tapa bilməyəcəyik. Bu qorxu bizi həmin obrazları real həyatın çürük künclərində gizlətməyə, onları kiflənmiş ədəbi qəliblərin və riyazi ölçülərin içində boğub ...gəbərtməyə məhkum edir.
​İnstinktlərimizi sənətin saxta estetikasında ...dəfn etdiyimiz...hər an, modern sənətin o dürüst aynasından bir addım daha uzaq düşürük. Modern sənət, ruhun öz qaranlığı ilə üzləşmə cəsarətidir,
bu cəsarətin olmadığı yerdə isə yalnız sənətin meyiti var.

Nədən ki, insan bədənindəki ən güclü xammal seksual enerjidir. Hər halda bu qənayətimi tibbi əsaslardan kənar səsləndirirəm. Bunu psixoloji bir praktika kimi başa düşə bilərik.
Bu enerji ibtidai, bioloji mərtəbədə qaldıqda sonsuz nəsilartırma və ya fiziki həzz funksiyası daşıyır. Ancaq irfan və meditasiya vasitəsilə saflaşdıqda, o, ruhun rəqsinə qol qaldırır.
Bu, daxili bir simgədir. insanın öz heyvani təbiətindən qopub ilahi ruhsallığa doğru ucalmasıdır.

Şübhəsiz ki, biz sənətə təkcə estetik əxlaq gözüylə baxmırıq. İnsan psixologiyasının fərdi, ekzistensial sərhədlərində biz daha çox Ziqmund Freydin yuxu nəzəriyyəsinə boylanırıq.
Bu nəhəng enerji cəmiyyət və əxlaq tərəfindən sıxışdırıldıqda yoxa çıxmır, o, yuxuların dumanlı dəhlizlərinə çəkilərək orada özünə simvolik çıxış yolları axtarır. Freyd iddia edir ki, sənət və mədəniyyət seksual enerjinin sublimasiya olunmuş şəklidir. İrfandakı ...ruhun rəqsi...Freydin dilində libidonun yaradıcı inkişafıdır, deyə bilərik.

Hər bir yuxu, əslində, basdırılmış bir arzunun çox vaxt seksual mənşəli maskalanmış şəkildə həyata keçməsidir. Sənətkar da eynilə yuxu görən kimi, daxilindəki o ...ibtidai xammalı... estetik obrazlara bükərək hamı üçün əlçatan edir. Yuxu nəzəriyyəsi sübut edir ki, insan ruhu birbaşa deyə bilmədiklərini rənglər, obrazlar və metaforalarla izah edir. Sənətin estetik dili, əslində, şüuraltının bu gizli qışqırığıdır.

İndi isə müəllifin şeirini oxuyaq,

Üç dəfə

şumlanmış

tarla boyunca

yürü mənimlə..

Bədirlənmiş Ayın nuru

əynimizə biçilmiş də

bu gecə...

ayaqlarımız yalın,

vücudumuz

arfa simi..

Küləklər

üstümüzə toxunub da

keçməkdə..

bu dəli melodiyanı

duydunmu..?

baax...

azadlıq hissidir bu...

dayanıb da nəfəsini dərincə

qollarını yana aç..

dinlə ürəyini...

bir az otsan indi,

bir az dəniz,

bir az meşə,

bir az külək...

aç da saçlarımı

gecədən

daha uzun olsun,

daha qara...

və sənin də gecəndə

dolaşsın

barmaqlarım

bürünc bədənin boyunca

yüyürüb...

sən

torpaq kimi nəmsən,

bax,

torpaq kimi isti...

mənim

qara qanadlı

Anterosum...

məni

sevəcəksən...

bilirəm...

Haqqında danışacağım şeirin haradan su içdiyini görmək istəsəm, qədim xalq məsəlində deyildiyi kimi ...Su içən adamı ilan belə vurmaz... mən də gərək bu ayənin kölgəsində duran müəllifə toxunmayam:

...Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi daxil ola bilərsiniz...
(Əl-Bəqərə, 223)

Bu tarlada gəzişdikdə, yəni bu şeiri oxuduqda qədim yunan şairi Sapfonun ...otlardan daha yaşılam...poetik nümunələrinin ahəngində səmanı seyr etmək gözəlliyinə yiyələnərik. Homerin torpaq nəğmələrindən belə bir qənaətə gəlmək olur ki, torpaq kədərlənəndə üzümüzə baxmaz, biz onun kədərini öz göz yaşlarımızla qaldırmalıyıq.
Şarl Bodlerin ...Şər Çiçəklərində...gəzişəndə isə poetik həzzdən adamın ayaqları tutulur,

...Mən sənin bədəninin dərinliyində, o qaranlıq və ətirli uçurumlarda itmək istəyirəm...

Yorğunluğunu çıxarmaq istəyəndə Pablo Nerudanın ...Qadın bədəni yağışdan sonra torpaq necə qoxuyursa, eləcə torpaq ətridir... misralarının şirəsini içdikdə adam meyxoş olur. Bizim Molla Pənah Vaqifin ...Hayası üzündə, əqli başında...dediyi həmin bu fikirlər, cinsəl təntənəni ruhu müstəviyə daşımaq, onu azadlıq əxlaqına gətirmək cəhdi idi,

...Bədənindən müşki-ənbər qoxuya,
Zülfü gərdənində bir qucaq ola...

...Üç dəfə şumlanmış tarla boyunca yürü mənimlə...

Yürüdüm və gördüm ki, maddi varlığın, torpağın qadına bənzədilməsi budur. İnsan psixologiyasının o qaranlıq tərəfinə, çiskinli qatlarına baxa bildim. İnsan birlikdə insandır, epistemoloji həqiqət və seksual metaforanın ən dərin qatı bizi məhz bura gətirib çıxaracaq.

İndi kim buna sevgi deyəcəksə desin... Bədirlənmiş ayın nuru əynimizə biçildiyi bu gecə, poetik pəncərədən bizim ruhumuzu lüt-üryan gözlər utanmadan görə biləcək.

Ayaqlarımız yalın, vücudumuz arfa simi... Barmaqlarımız toxunduqca musiqi yaradacağıq, bu titrəyiş sevgi nəğməsi doğuracaq.

Küləklər üstümüzdən toxunub keçir...
Keçəcək o inqilabi küləklər, qınaq küləkləri, bizi daşqalaq edən xain küləklər...

Bu dəli melodiyanı duydunmu? Duydum! Özü də necə... Qadın skeleti olanda belə, onun iliklərinə kimi möhtəşəm olduğunu gördüm. Gözlərinin altı piyli olanda, o mənə tovuzquşunun gözəlliyini xatırlatdı.

Dayanıb nəfəsini dərincə dər, qollarını yana aç... Amma yoxsan burada. Mətndəki ...azadlıq... kəlməsi şeiri zəiflədir, ona şər atır. ...Azadlıq.. sözü otağa girən naməlum qonaqdır. Elə bil sevişdiyin yerdə corabını yenidən yaddaşına salırsan, ritmi dağıdır.

...Dinlə ürəyini... bir az ot, bir az dəniz, meşə, külək... Bu sadalananlar sevişən zaman pəncərəni açıq qoymaq kimidir. Fikrin sevişməkdən uzaqlaşır, pəncərədəki o otdan-ələfdən asılı qalır, şeirin ritmi yenə pozulur.

...Aç da saçlarımı, gecədən daha uzun olsun, daha qara...

Elə gözəl açdım ki saçlarını! Bu poetik məhcərdə elə gözəl görünürsən ki... Canlıdır. Adam bu misrada əbədi qalmaq istəyir.

...Və sənin də gecəndə dolaşsın barmaqlarım, bürünc bədənin boyunca yüyürüb... Kişi bədəni maddi varlığın bürüncüdür, burada şair Uitmen fəlsəfəsi canlanır.

Sən torpaq kimi nəmsən, bax, torpaq kimi isti... Bunu Neruda demişdi. Əzizim!

...Mənim qara qanadlı Anteros'um... məni sevəcəksən...

Sevəcəyəm, əlbəttə bu psixoloji kölgələrin altında gördüm səni. Bilirəm... Özü də necə ruhsal qarşılıqlı!

Düşündüklərinizi bölüşmək ümidlərində görüşək...

Müəllifə sayğılarımla

Gələn görüşlərədək!

Cavid FƏRZƏLİ


MANŞET XƏBƏRLƏRİ