Gürcüstan Tbilisidə torpaq sahəsini Azərbaycana pulsuz istifadəyə verib, icarə müddəti 49 il təşkil edəcək.
Turkustan.az report-a istinadən xəbər verir ki, Vaxtanq Qorqasali küçəsindəki sahə hökumətin sərəncamı ilə səfirliyin istifadəsinə verilib.
Məlumata görə, müvafiq sənəd iyulun 18-də Baş nazir İrakli Kobaxidze tərəfindən imzalanıb. Əsas kimi Gürcüstanın “Dövlət mülkiyyəti haqqında” Qanununun 36-cı maddəsinin 2-ci bəndi götürülüb.
İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dövlət Əmlakı üzrə Milli Agentliyə istifadə hüququnun verilməsi üçün qanunla nəzərdə tutulmuş bütün prosedurları həyata keçirmək tapşırılıb.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Gürcüstana səfər edib. Azərbaycan diplomatiyasının rəhbəri artıq gürcüstanlı həmkarı Maka Boçorişvili ilə danışıqlar aparıb. Həmçinin C.Bayramovun Gürcüstan Prezidenti Mixail Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə görüşləri planlaşdırılır.