Rusiyanın DÖVLƏT TELEVİZİYASINDA işğal təhdidi – Solovyov bütün hədləri aşır


Rusiyanın hakimiyyətə yaxın olan mediasında, televiziyasında, “youtube” və “telegram” kanallarında anti-Azərbaycan isterikası getdikcə daha böyük vüsət alır.

Turkustan.az xəbər verir ki, Kremlin ən aparıcı təbliğatçılarından olan Vladimir Solovyov Rusiya dövlət televiziyasının efirində növbəti dəfə Azərbaycanın ünvanına hədyanlar danışaraq, ölkəmizi təhdid etməyə qalxıb. Ermənilər - Marqarita Simonyan və Semyon Baqdasarovun da iştirak etdiyi efirdə Solovyov İlham Əliyevin Xankəndidəki son çıxışını öünəməxsus təxribatçı formada şərh edib.

İlham Əliyevin “biz özümüz yeni reallıq yaratdıq” fikri Solovyovun “yaralı yerinə” dəyib və “qanaxmaya” səbəb olub. O həyasızcasına iddia edib ki, reallığı guya Azərbaycan yox, Nikol Paşinyan dəyişib. Guya məhz Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün reallıq dəyişib. Təbii ki, Paşinyanı bunu deməyə məcbur edən Azərbaycanın gücünü, Azərbaycan Ordusunun möhtəşəm qələbəsini Solovyov kimi simasızlar görməyiblər…

Solovyov Azərbaycan Prezidentinin ukraynalı jurnalistə “işğalla heç zaman barışmayın” deməsini Rusiyaya qarşı təhdid kimi qələmə verib. Onun çürük məntiqi ilə sanki Prezident bunun əksini – “işğalla barışın” deməli idi…

Solovyov Xankəndidəki tədbirdə iştirak edən rusiyalı politoloq Sergey Markovu da təhqir və təhdid edib.

Nəhayət, Azərbaycanı iqtisadi sanksiyalarla təhdid edən Solovyov yenə Azərbaycanla Rusiya arasındakı birbaşa sərhədi xatırladaraq, hərbi müdaxiləyə işarə vurub. Həmçinin, Türkiyəni də təhdid edən Solovyov Zəngəzur dəhlizinin açılması perspektivini Rusiyaya və İrana qarşı böyük təhlükə və onların regiondakı varlığına zərbə kimi qələmə verib.

Solovyov son zamanlar artıq neçənci dəfədir ki, Azərbaycan tərəfinin tam hüquqi, adekvat addımlarına və bəyanatlarına bu cür ağrılı reaksiya verir – “tüstüləyir”! Bu isə onun zəncirini açıb efirə buraxan Kremlin özünün qeyri-adekvat, irticaçı siyasi-psixoloji durumunun bariz göstəricisidir. (“AzPolitika”)


MANŞET XƏBƏRLƏRİ