Dünya alimlərini şoka salan hadisə - 2029-2035-ci illərdə...


Dünya alimlərini düşündürən yeni proses qeydə alınıb.

Yer kürəsinin fırlanma sürətində artım müşahidə olunub. Bu səbəbdən bəzi günlərdə vaxt normadan daha qısa olub. Mütəxəssislər bu vəziyyətin davam edəcəyi təqdirdə tarixdə ilk dəfə “bir saniyənin silinməsi” ehtimalının reallaşa biləcəyini deyirlər.

Məlumata görə, iyulun 9-da Yer bir günü 1,3 millisekund daha tez başa vurub. Növbəti gün isə bu fərq 1,36 millisekunda çatıb. Elmi dairələrdə bu vəziyyət “negativ leap second” – yəni “mənfi artıq saniyə” adlanır. Əvvəllər vaxt fərqi kompensasiya məqsədilə saniyə əlavə olunurdusa, indi əks proses müzakirə olunur.

Alimlər bildirirlər ki, Yer kürəsinin fırlanmasının sürətlənməsinə müxtəlif amillər təsir edir. Onların arasında ayın mövqeyi, atmosfer təzyiqləri, daxili təbii proseslər və iqlim dəyişiklikləri önə çəkilir. Ay ekvatora yaxınlaşdıqda cazibə qüvvəsi fırlanmanı zəiflədir, uzaqlaşdıqda isə sürətləndirir. Bununla yanaşı, qütblərdəki buzların əriməsi və jet axınlarındakı dəyişikliklər də Yerə təsir göstərir.

Əgər bu sürətlənmə tendensiyası davam etsə, 2029–2035-ci illər arasında bir saniyənin silinməsi real ola bilər. Bu isə zamanla işləyən sistemlər üçün – xüsusilə GPS, rabitə və bank əməliyyatları sahəsində ciddi çətinliklər yarada bilər.

Hazırda alimlər bu ehtimalın texnoloji və praktiki nəticələrini qiymətləndirir. İndiyədək yalnız əlavə saniyələr tətbiq olunmuşdu. Ancaq ilk dəfə olaraq bu saniyənin “çıxılması” gündəmdədir. /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ