Suriyanın cənubunda son günlərdə ərəb tayfaları ilə Süveyda bölgəsindəki druzilər arasında baş verən qarşıdurmalar müvəqqəti olaraq dayandırılsa da, bölgədəki gərginlik davam edir.
Yenisabah.az xəbər verir ki, PYD/YPG terror təşkilatının nəzarətində olan "Şimali və Şərqi Suriya Muxtar İdarəsi"nin xarici əlaqələr üzrə həmsədri İlham Əhmədin Süveyda bölgəsinə “insani yardım dəhlizi” yaradılması çağırışı ciddi narahatlıqlara səbəb olub. Mütəxəssislər bildirirlər ki, bu çağırış arxasında sadəcə humanitar məqsədlər deyil, daha böyük geosiyasi planlar – xüsusilə İsrailin dəstəklədiyi “Davud dəhlizi” layihəsi dayanır.
Təhlükəsizlik üzrə ekspert Ünal Atabay hesab edir ki, bu dəhliz druzilərlə YPG arasında birbaşa quru bağlantısı yaradacaq və bu əlaqə gələcəkdə beynəlxalq koalisiyanın dəstəyi ilə möhkəmləndirilə bilər. “İlk baxışdan insani məqsədlə açılan bu dəhliz əslində siyasi və hərbi baxımdan uzunmüddətli hədəflər üçün infrastruktur ola bilər”, – deyə o bildirib.
Atabay onu da vurğulayıb ki, bu dəhliz İŞİD-lə mübarizə bəhanəsi altında legitimləşdirilə bilər və ABŞ bu bölgədə daha dayanıqlı planlar həyata keçirmək niyyətində ola bilər.
Mütəxəssis əlavə edib ki, bölgədəki tayfalar pulla asanlıqla yönləndirilə bilər və sosial struktur bu layihəni dayandırmaq üçün yetərli gücə malik deyil.
Digər tərəfdən, ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Tomas Barakın və SDQ (Suriya Demokratik Qüvvələri) lideri Mazlum Əbdinin açıqlamaları da diqqət çəkib. Atabay bildirib ki, Barak hazırda rəsmi mövqedə olmasa da, Ankaranın maraqlarına yaxın fikirlər səsləndirir.
İsrailin Süveyda bölgəsinə səhiyyə avadanlıqları göndərməyə hazırlaşdığı bildirilir. Bu yardımların İsrail təhlükəsizlik qüvvələrinin və ordusunun logistik dəstəyi ilə həyata keçirilməsi planlaşdırılır.
Ekspertlər bu koridorun yalnız humanitar məqsədlərlə izah edilməsinin mümkün olmadığını düşünür. Əgər plan reallaşarsa, bölgədə yeni qarşıdurmaların yaranması ehtimalı yüksəkdir və bu, təkcə Suriyanı deyil, bütün bölgəni əhatə edə biləcək gərginliklərə yol aça bilər.
Aytac Əliyeva