Avropa Komissiyasının sədri Ursula von der Leyen, Qəzzadakı vəziyyəti “dözülməz” adlandıraraq, bölgədə mülki əhalinin uzun müddətdir ciddi əziyyət çəkdiyini və bu durumun dərhal sona çatdırılmalı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Von der Leyen bu fikirləri X sosial media platformasındakı hesabında yayımladığı açıqlamada səsləndirib. O, Qəzzaya humanitar yardımın “pulsuz, təhlükəsiz və sürətli” şəkildə çatdırılmasının zəruriliyini vurğulayıb və beynəlxalq hüquqla, eləcə də beynəlxalq humanitar hüquqla tam şəkildə uyğunluğun təmin edilməsinə çağırıb.
İsrailin Qəzzada humanitar yardım gözləyən fələstinliləri hədəf aldığı hücuma münasibət bildirən von der Leyen qeyd edib:
“Qəzzadan gələn görüntülər dözülməzdir. Mülki əhali çox uzun müddətdir ki, ağır əziyyətlər çəkir. Buna indi son qoyulmalıdır”.
Von der Leyen mülki şəxslərin heç bir halda hədəf alınmamalı olduğunu vurğulayaraq, İsrailin Avropa İttifaqı ilə bağladığı razılaşmalarda nəzərdə tutulan humanitar öhdəlikləri yerinə yetirməsinin vacibliyinə diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az