Bakı və İrəvan üçüncü qüvvənin sərhəddə olmamasını razılaşdırıbsa, Brüssel niyə aranı qarışdırır? - şərh
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu ilin yanvarında Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin 2027-ci il fevralın 19-dək uzadılmasına qərar verdi, hərçənd Azərbaycan çoxdandır ki, onların fəaliyyətinin dayandırılması tələbi ilə çıxış edir.
“2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" qəbuledilməzdir", - deyə dövlət başçısı Belçika Krallığının yeni səfirini qəbul edərkən demişdi.
İndi isə bəlli olur ki, Belçika bu tənbehdən nəinki nəticə çıxarıb, əksinə, Aİ müşahidəçilərinin artırılması üzərində işləyirlər. Bəllidir ki, ötən həftə sonu Belçika parlamenti anti-Azərbaycan qətnaməsi qəbul edib. Sözügedən bədnam qətnamədə o da vurğulanır ki, Aİ Ermənistandakı müşahidə missiyasını genişləndirməlidir.
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda Avropa İttifaqının müşahidəçiləri haqda qısa mövqe bildirib. “Onlar (Ermənistan - red.) artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik”, - deyə İ.Əliyev bildirib.
Təsadüfi deyil ki, Aİ missiyasının fəaliyyətə başlamasından sonra Ermənistan tərəfindən Azərbaycanla sərhəddə çox sayda hərbi təyinatlı obyektlər tikilib. O cümlədən Azərbaycan-Ermənistan şərti sərhədində və Ermənistan-İran sərhədində müşahidələr aparılıb. Təsadüfi deyil ki, 12 günlük müharibə zamanı İranla bağlı məlumatların Qərbə ötürülməsində Aİ müşahidəçilərinin iştirakı da təsdiqlənmişdi. Rusiya da dəfələrlə bəyan edib ki, bu missiyanın əsl niyyəti kəşfiyyat məlumatları toplamaqdır.
Beləliklə, Aİ həm sülh sənədinin imzalanmasını istəyir, həm də sərhəddə casus şəbəkəsini genişləndirmək, son nəticədə bölgədə təməlli sülhə qarşı çıxır.
Yada salaq ki, iyunun 13-də Avropa İttifaqının (Aİ) Ermənistandakı avantürist “sərhəd missiyası”nın bir qrup üzvü yenidən Azərbaycanla sərhədə gəlmişdi. Onlar bu dəfə şərti sərhədin Zəngilan istiqamətində görünüb. Avropalılar binoklla Azərbaycan ərazilərini müşahidə ediblər. Təsadüfi deyil ki, Aİ missiyasının fəaliyyətə başlamasından sonra Ermənistan Azərbaycanla sərhəddə çox sayda hərbi təyinatlı obyekt tikib. Bu, “sülh” adı altında regionda destruktiv fəaliyyətdir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bu missiya rəsmi Bakı ilə Aİ münasibətlərində də etimadsızlıq yaradır. Səbəb çox sadədir - “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. Halbuki buna ehtiyac yox idi. Rəsmi Bakı birmənalı şəkildə missiyanın fəaliyyətini də, “binokl diplomatiyası”nı da rədd edir.
Azərbaycanın sülhlə bağlı rəsmi şərtləri aydındır - Ermənistanın Konstitusiyası dəyişdirilməli, ATƏT-in Minsk Qrupu buraxılmalıdır. Mülki missiyanın fəaliyyətinin dayandırılmasının şərt kimi irəli sürülməsinə gəlincə, sərhəddə üçüncü qüvvələrin olmamasına dair məsələ sülh sazişinin layihəsində əks olunub. Ermənistan da bu şərti qəbul edib, sadəcə, bütün şərtlərin yerinə yetirilməsi vacibdir.
Bəs bu məsələ razılaşdırılıbsa, Belçika niyə missiyanın tərkibinin genişlənməsinə çağırış edir?
Oqtay Qasımov
Siyasi ekspert Oqtay Qasımov “Yeni Müsavat”a bildirib ki, Avropa İttifaqının məhz bu addımları sülhə birbaşa xələl gətirir: “Bu günlərdə iki ölkə arasında sülh mətni razılaşdırılıb, Əbu-Dabidə yüksək səviyyəli görüş olub, ABŞ da bu prosesdə rolu olduğunu bəyan edib, yəni bir dinamika mövcuddur. Ən əsası isə sərhədlərdə uzun müddətdir eskalasiya yoxdur. Belə olan halda "casus missiyası"nı artırmağa hər hansı zərurət görünmür".
O.Qasımov qeyd edib ki, Belçika parlamentinin bu çağırışları prosesi əngəlləməyə gətirib çıxarır: “Diqqət edirsinizsə, nə zaman sülh danışıqlarında irəliləyiş olur, kənardan təsirlər və ya bəyanatlar eşidilir. Bu mənada Avropa İttifaqının Ermənistandakı kəşfiyyat missiyasının sıralarını genişləndirmək çağırışları da təxribat xarakterlidir”.
Asif Şəkərli
Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü Asif Şəkərli bu bəyanatların arxasında iki plan olduğunu düşünür: “Birincisi, regionda Qərbin mövqeyini gücləndirmək və rus sərhədçilərinin olduğu bölgədə öz təsir imkanlarını artırmaq, ikincisi isə Azərbaycanın guya Zəngəzura hərbi güclə daxil olacağı barədə yanlış rəy yaradaraq Ermənistanı "qorumaq" niyyəti. Hər iki məsələdə Avropa İttifaqı səhv edir. Çünki Azərbaycan Naxçıvana quru yol əldə etmək üçün güc tətbiqini planlaşdırmır. Bu, 5 ilə yaxındır ki, uydurulmuş fikirdir və təbliğat gedir. Paşinyan təklif edir ki, sərhədin delimitasiya olunan hissələrindən Avropa İttifaqının casusları çıxa bilər və sülh müqaviləsindən sonra missiya işini başa çatdıracaq. Amma bu da yalandır.
Çünki missiya işini 2027-ci ilədək uzadıbsa, deməli, ya həmin vaxta qədər sülh sazişi olmayacaq, ya da Paşinyan sözünün üstündə dayanıb vədini yerinə yetirməyəcək. Necə ki Minsk Qrupu 5 ildir əsassız yerə de-yure mövcuddur. Sülh sənədindən sonra da avropalı “revizor”ların bölgədə qalması ehtimalı yüksəkdir".
A.Şəkərlinin sözlərinə görə, bu vəziyyət Rusiyanı da narahat edir, amma indiki halda müdaxilə imkanı qalmayıb. VHP rəsmisi hesab edir ki, Qərbin regiona bu şəkildə qarışması sülhə və sabitliyə xidmət etmir, səbəb də Rusiyanın Cənubi Qafqazda olmasıdır: “Nəticədə strateji rəqabət dərinləşir, kənar qüvvələrin mübarizəsi regionu qeyri-stabil yerə çevirir. Ona görə Ermənistan Qərbdən bu çağırışlara uymamalıdır. Ümumiyyətlə, onların nə işlə məşğul olduqları şübhəlidir. Gecə-gündüz hərbi hissələrimizi izləməklə nə etmək fikrindədirlər? Belə aydın olur ki, kəşfiyyat məlumatları toplayır, regionun xəritəsini öyrənir, müəyyən koordinatlar əldə etməyə çalışırlar. Bu da tamamilə özbaşınalıqdır. Onların sərhədimizi müşahidə etməyə ixtiyarı yoxdur. Guya şərti sərhəddə eskalasiya riskini müşahidə edirlər. Halbuki cəfəngiyyatdır. Dəfələrlə Ermənistan şərti sərhəddə atəş açıb və missiya heç bir hesabat təqdim etməyib”.
Xatırladaq ki, Aİ missiyasının ilkin 40 nəfərlik heyəti 2023-cü ilin 20 fevralında 138 nəfərlik heyətlə uzunmüddətli fəaliyyətə başlayıb, daha sonra həmin ilin dekabrında missiya üzvlərinin sayı 209 nəfərə çatdırılıb. Kanada Aİ üzvü olmadığı halda, bu ölkənin nümayəndələri Müşahidə Missiyasına qoşulub.