Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?


“Hazırda 219 ahıl dövlət himayəsində yaşayır. Bu ilin ötən dövründə müəssisəyə 27 ahıl vətəndaşımız yerləşdirilib”.

Bu barədə “Yeni Sabah”a Sosial Xidmətlər Agentliyindən bildirilib.

Qurumdan bildirilib ki, müəssisədə ahıllara daimi sosial xidmət və reabilitasiya dəstəyi göstərilir:

“Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də ahıl şəxslərin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin ildən ilə gücləndirilməsidir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, icra olunan proqramlar nəticəsində ahıllara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Burada stasionar formada sosial xidmətlər göstərilir, ahıllarla sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir. Sakinlər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin edilirlər”.

Agentliyin məlumatına görə, qocalar evinə 70 yaşdan yuxarı, baxacaq yaxını olmayan ahıllar qəbul edilir:

“Müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, ahılların sosial rifahının yüksəldilməsi və keyfiyyətli xidmətlərlə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Müəssisədə təqdim olunan sosial xidmətlər yalnız gündəlik qayğı ilə məhdudlaşmır. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur. Eləcə də onların müxtəlif idman yarışları, gimnastika məşğələləri və yaradıcılıq fəaliyyətlərində iştirakı təmin edilir.

Hazırda burada 219 ahıl dövlət himayəsində yaşayır. Bu ilin ötən dövründə müəssisəyə 27 ahıl vətəndaşımız yerləşdirilib.

Qeyd edək ki, müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir”.


MANŞET XƏBƏRLƏRİ