ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında son dövrlərdə keçirilən telefon danışıqlarının əvvəlki qədər isti atmosferdə keçmədiyi bildirilir.
Turkustan.az xəbər verir ki, “Wall Street Journal” qəzetinin mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Tramp və Netanyahu arasında aparılan söhbətlərdə fikir ayrılıqları açıq şəkildə hiss olunur. İddialara əsasən, Tramp Netanyahuya regiondakı hərbi əməliyyatların ABŞ iqtisadiyyatına əlavə təzyiq yaratdığını bildirib.
Xəbərdə qeyd olunur ki, Livandakı vəziyyətlə bağlı son telefon danışığı zamanı Tramp Netanyahuya sərt şəkildə müraciət edərək, “Niyə binaları partladırsınız? Buna son verin”, – deyib.
Mənbələrin sözlərinə görə, başqa bir telefon danışığında isə Tramp müharibənin qlobal iqtisadiyyata təsirlərindən narahatlığını ifadə edib. O, yaranmış vəziyyətin iqtisadi böhranı dərinləşdirə biləcəyini və bunun ABŞ-da siyasi nəticələr doğura biləcəyini vurğulayıb.
Nəşr yazır ki, Vaşinqton administrasiyası hazırda regionda gərginliyin daha da artmasının qarşısını almağa və münaqişənin diplomatik yollarla həllinə çalışır.
Aytən Yaşar/ Turkustan.az