“Qabaq mənim başımda partladı” nə deməkdir? - Belə yaranıb


Heç günahı olmadığı halda günahkar sayılan, durduq yerdə işə düşən, problem yaşayan adamlar tez-tez “qabaq mənim başımda partladı” ifadəsini işlədirlər. Bəzən bir söhbət xoş olmayan məcraya yönəldə ,durmadan təkrar ediləndə isə, “bu iş artıq qabaq dadı verməyə başladı” deyirik. Bəs niyə məhz qabaq? Çoxları elə başa düşə bilər ki, ifadə məhz Türkiyədə yaranıb, ona görə, türklər bu sözü daha çox işlədirlər. Amma bu məsəl, daha doğrusu sözü gedən qabaq- kabak həm Qafqazda, həm Türkiyədə, həm də bir çox Balkan ölkələrində qab kimi işlədilib.

Lent.az “Belə yaranıb” rubrikasında bu məsəlin yaranmasından bəhs edir.

Orta əsrlərdən XIX əsrin sonlarına qədər Azərbaycanda və Türkiyədə balqabağın xüsusi bir növündən qab-qaçaq kimi istifadə olunurdu. Məsələn kənardan kamançanı xatırladan balqabaqların içini boşaldıb, onlardan dolça, çömçə kimi istifadə edirdilər. Bir qədər başqa formalı, armuda, sürahiyə bənzər balqabaqlardan isə su qabı, şərab qabı kimi istifadə olunurdu. Bu ənənə Azərbaycanın bir sıra kəndlərində indi də qorunur. Qadınlar içi təmizlənib, qurudulmuş balqabaqlarda duz, istiot, düyü, mərcimək saxlayırlar.

Orta əsrlərdə meyxanalarda (şərab evləri) qabaqlardan şərab qabı kimi istifadə olunurdu. Tez-tez hökmdarın əsgərləri tərəfindən basılıb, möhürlənən meyxanalarda dava düşürdü və dolu qabaqları ora-bura atırdılar. Qabaq günahı olan olmayan hər kəsə dəyib, başında partlaya bilərdi. Bax beləcə, “qabaq mənim başımda partladı” ifadəsi yayıldı.

Hə bir də bu qabaqların içində çox qaldıqdan sonra şərabın qabağın dadını almaq məsələsi də olurdu. O zaman belə şərab bəyənilmir, ucuza satılırdı. Beləcə bəyənilməyən işlər haqqında da qabaq dadı vermək ifadəsi işlədildi.


MANŞET XƏBƏRLƏRİ