Tarixi baxımdan Nazaretli İsa birinci əsrin yəhudi vaizi və dini lideri olub. Bir çox ölkələrdə o, insan cildinə girmiş Oğul-Allah və Yəhudi Müqəddəs Yazılarında (Tövrat və ona bağlı kitablar) öncədən müjdələnmiş, intizarla gözlənilən Məsih hesab olunur. Məhz sonuncu inanc ona "Xristos" (Məsih) adını qazandırıb.
Dünyanın hər yerində xristianlar 25 dekabrda İsanın doğulmasını qeyd edirlər. Üstəlik, müasir təqvim illəri məhz onun doğum ilindən etibarən sayır. Bəs o, həqiqətənmi həmin gün doğulub?
Turkustan.az xəbər verir ki, "IFL Science” resursu alimlərin bu barədə nə dediyini araşdırıb.
Ümumilikdə, İsanın doğum tarixini dəqiq müəyyən etmək üçün o dövrə aid kifayət qədər sübut yoxdur. Lakin 25 dekabrla bağlı ənənəvi baxışın da heç bir elmi əsası yoxdur.
"Birincisi, "sıfırıncı il” deyə bir anlayış mövcud olmayıb. Hətta mövcud olsaydı belə, İsa həmin vaxt doğulmayıb. İsanın ölümündən bütöv bir nəsil sonra yazılmış Matta və Lukanın kanonik İncilləri bəzi tarixi əlaqələr qursa da, onlar bir-biri ilə uzlaşmır. Matta doğumun Böyük İrodun dövründə baş verdiyini qeyd edir. Luka isə doğumun Suriyanın Roma valisi Kvirini tərəfindən keçirilən siyahıyaalma zamanı olduğunu deyir", – materialda bildirilir.
Siyahıyaalma bizim eranın 6-cı ilində baş tutub. Lakin İrod bundan ən azı 7, bəlkə də 10 il əvvəl vəfat etmişdi. Bizim eradan əvvəlki illərdə digər siyahıyaalmalar da keçirilmişdi. Alimlər İrodla bağlı əlaqəni digərlərindən daha inandırıcı hesab edirlər, buna görə də İsanın doğum ilinin daha real olaraq e.ə. 6-cı və 4-cü illər arası olduğu qəbul edilir.
Öz növbəsində, "Betleyem (Beytləhm) ulduzu"na əsaslanan nəzəriyyə göydəki bu əlamətin əslində bir kometa olduğunu iddia edir. Bu halda İsa e.ə. 5-ci ildə doğulmuş olardı.
Milad niyə məhz 25 dekabrda qeyd olunur?
Xristianlığın ilk əsrlərində möminlər Miladı qeyd etmirdilər. Pasxa və sonradan Epifaniya (Allahın təzahürü) bayramları yalnız b.e. II əsrindən etibarən qeyd olunmağa başlandı. İsa Məsihin 25 dekabrda doğulması ilə bağlı məlum olan ilk qeyd b.e. III əsrinə aiddir və Romalı İppolitə məxsusdur. "Milad" (Christmas) kimi tanınan bayramın xristian ənənəsinin bir hissəsinə çevrilməsi üçün daha bir neçə onillik lazım oldu.
Alimlər illərdir İsanın həqiqətən 25 dekabrda, yoxsa ilin başqa bir günündə doğulduğu barədə mübahisə edirlər. Qış və bahar fəsilləri ən çox ehtimal olunan mövsümlər kimi görünsə də, kanonik (və qeyri-kanonik) İncillərdə buna dair heç bir sübut yoxdur.
"1200-cü illərdən bəri insanlar 25 dekabr ilə Roma bayramı olan Sol Invictus (Məğlubedilməz Günəş) arasındakı əlaqəni hiss ediblər. Bu bayram günəş duruşundan dərhal sonra, günlərin uzanmağa başladığı vaxtı qeyd edirdi. Bayramın tam adı "Dies Natalis Solis Invicti”dir ki, bu da latın dilindən tərcümədə "Məğlubedilməz Günəşin Doğum Günü” deməkdir. İtalyanların hələ də Milad bayramına verdiyi "Natale” adı məhz buradan gəlir", – deyə müəlliflər qeyd edib. /Qaynarinfo/