Nobel mükafatlı biokimyaçı Əziz Sancar və komandası siçanlar üzərində apardıqları inqilabi bir təcrübə nəticəsində aqressiv və ölümcül beyin xərçəngi növlərindən biri olan glioblastomanı tamamilə yox etməyə nail olublar.
Turkustan.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Sancar rəhbərliyində aparılan araşdırma tibb dünyasında böyük əks-səda doğurub və xüsusilə glioblastomanın müalicəsində inqilabi inkişaf kimi qiymətləndirilir.
“Sancar Laboratoriyası”nda siçanlar üzərində aparılan bu uğurlu müalicədən sonra xərçəngin tam aradan qaldırıldığı və sağqalma göstəricilərinin nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunub. Tədqiqatda “EdU” adlı kimyəvi maddə ilə “Temozolomid” (TMZ) adlı kimyaterapiya dərmanının kombinasiyası tətbiq edilib. Bu yanaşma xərçəng hüceyrələrinin məhv edilməsini təmin edərkən, sağlam beyin toxumasına zərər verməyib.
Bununla belə, əldə olunan ümidverici nəticələrə baxmayaraq, Əziz Sancar hələ görüləcək çox iş olduğunu bildirib və müalicənin insanlar üzərində tətbiq oluna bilməsi üçün Amerika Sağlamlıq İnstitutundan rəsmi icazənin alınmasının vacibliyini vurğulayıb. Araşdırma xərçəng müalicəsinə dair yeni bir ümid işığı yandırsa da, klinik sınaqların başlanması tibb ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilir.
Biyokimya dünyası bu araşdırma ilə sarsılıb
Nobel mükafatlı alim Əziz Sancarın rəhbərliyi ilə aparılan araşdırma biokimya dünyasında böyük rezonans doğurub. Sancar və komandası siçanlar üzərində apardıqları təcrübələrdə glioblastoma adlanan ölümcül beyin xərçəngini yüz faiz aradan qaldıra bilən bir üsul hazırlayıb.
Beyin xərçəngi deyildikdə ən ölümcül növlərdən biri kimi tanınan glioblastoma uzun illərdir tibb dünyasının ən çətin mübarizə sahələrindən biri hesab olunur. Lakin Əziz Sancar və komandası bu xəstəliyin müalicəsində dönüş nöqtəsi ola biləcək bir nailiyyətə imza atıb.
Siçanlar üzərində aparılan təcrübələr glioblastomalı heyvanların yüz faiz sağalmasını təmin edib. Nəticələr Əziz Sancarın üzvü olduğu Amerika Elmlər Akademiyasının PNAS adlı elmi jurnalında dərc olunub və tibb ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Klinik sınaqlara gedən yol
Əziz Sancar insanların üzərində klinik sınaqlara keçilməsindən əvvəl hələ uzun bir mərhələnin olduğunu bildirib. O, klinik sınaqlar üçün Amerika Sağlamlıq İnstitutundan icazə almaq məqsədilə müraciət etdiklərini açıqlayıb. Bununla belə, siçanlar üzərində əldə edilən bu nəticələr tibb dünyasında ciddi ümid yaradıb.
Bəs bu təcrübələrdə hansı üsul tətbiq olunub?
Dərman kombinasiyası: “EdU” və “TMZ”nin gücü
Əziz Sancar və komandası glioblastomanın müalicəsində istifadə olunan “Temozolomid” (TMZ) dərmanı ilə laboratoriyalarda geniş istifadə edilən “EdU” adlı kimyəvi maddəni birləşdirərək siçanlarda əhəmiyyətli sağalma əldə ediblər.
“EdU” xərçəng müalicəsində yeni vasitə kimi tətbiq olunub və TMZ ilə birlikdə istifadə edildikdə, siçanlarda əvvəllər müşahidə olunmamış səviyyədə sağqalım göstəricisi qeydə alınıb.
Əziz Sancar bu barədə bildirib: “Konsept sadədir. TMZ-ni “EdU” ilə birləşdirdikdə, bu iki maddənin birlikdə hərəkət edərək şişləri məhv etdiyini və ölümlərin qarşısını aldığını gördük”.
Preklinik glioblastoma siçan modellərində aparılan təcrübələr müalicə olunan heyvanların böyük hissəsinin 250 gündən çox yaşadığını göstərib ki, bu da müalicəyə olan ümidləri daha da artırıb.
Dönüş nöqtəsi ola biləcək nəticələr
Aparılan sınaqlarda glioblastoma xəstələrindən götürülmüş real şiş nümunələri üzərində testlər də keçirilib. Nəticələr “EdU”nun beyin toxumasına uğurla daxil olaraq şiş daxilindəki xərçəng hüceyrələrini öldürdüyünü, lakin sağlam beyin toxumasına zərər vermədiyini göstərib.
Bundan əlavə, müalicə olunan siçanlarda kimyaterapiyaya xas yan təsirlərin yalnız yüngül və geri dönən dəyişikliklər şəklində müşahidə olunması bu yanaşmanın potensialını daha da gücləndirib.
Mövcud müalicələrlə müqayisə
Glioblastoma müalicəsi ən çətin xəstəliklərdən biri kimi tanınır. İndiyədək tətbiq edilən müalicə üsullarında xəstələrin yalnız təxminən 7 faizi beş il və daha uzun müddət yaşaya bilib. “Temozolomid” (TMZ) ilə aparılan müalicələr isə çox vaxt müalicəyə cavab verməyən xəstələr üçün kifayət etmir.
Əziz Sancarın hazırladığı yeni müalicə metodu bu göstəricini əhəmiyyətli dərəcədə artıra bilər. Bu yanaşma həm xəstələrin həyat müddətini uzatmaq, həm də xəstəliyin daha effektiv nəzarət altına alınması baxımından mühüm addım hesab olunur.
Yeni ümidlər doğur
Araşdırmanın nəticələri tibb dünyasında böyük maraq doğurub və müalicəyə dair ümidlər getdikcə artır. Lakin Əziz Sancar “hələ görüləcək çox iş var” deyərək, klinik sınaqların başlaması üçün rəsmi icazələrin alınmasının vacibliyini bir daha xatırladıb.
Buna baxmayaraq, siçanlar üzərində əldə edilən bu uğur beyin xərçəngi ilə mübarizə aparan xəstələr üçün gələcəkdə yeni bir ümid işığı ola bilər.