Kanada hökuməti Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq Aİ kreditinə qoşulmaq üçün danışıqlar aparır.
Turkustan.az xəbər verir ki, “Financial Times” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Mənbələrin məlumatına görə, tərəflər oktyabrın sonunda Monrealda keçiriləcək Kanada–Aİ sammitinə qədər Kanadanın Ukrayna kreditinə edəcəyi töhfənin məbləği barədə razılığa gəlməyə ümid edirlər.
Avropa rəsmilərindən biri Kanadanın Ukraynaya göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edərək, tərəflərin bundan sonra da əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Mənbələr qeyd ediblər ki, Baş nazir Mark Karni ABŞ-dan asılılığı azaltmaq məqsədilə Avropa ilə transatlantik əlaqələri gücləndirməyə çalışır. Onun Donald Trampın siyasətinin yaratdığı qeyri-müəyyənlik fonunda çoxtərəfli dünya nizamını müdafiə edən liberal dövlətlər arasında daha sıx əməkdaşlıq qurmağa çalışdığı bildirilir.
Aytən Yaşar/ Turkustan.az