ABŞ-da əkiz bacı-qardaş Ceyn Sautvik və Bill Ebbott 100 yaşlarını qeyd ediblər. Onlar yaşlarının üçrəqəmli olmasına baxmayaraq, daxilən hələ də özlərini uşaq kimi hiss etdiklərini bildiriblər.
Onların uzunömürlülük hekayəsini “People” nəşri yayıb.
Ceyn və Bill uzun ömürlərinin əsas səbəblərindən birinin genetik olduğunu düşünürlər. Onların valideynləri 95 il, böyük qardaşları isə 103 il yaşayıb.
Əkizlər sağlam həyat tərzinin də mühüm rol oynadığını vurğulayıblar. Ceyn vaxtilə siqaret çəkib, lakin uzun müddət əvvəl bu vərdişdən imtina edib. Bill isə demək olar ki, spirtli içki qəbul etmir. Onun sözlərinə görə, hətta pivə içəndə belə dərhal yuxusu gəlir.
Qeyd olunur ki, Ceyn və Bill 8 aprel 1926-cı ildə Havay adalarında dünyaya gəliblər. İkinci Dünya müharibəsi illərində Bill ABŞ ordusunda xidmət edib, Ceyn isə ailəsi ilə məşğul olaraq beş övlad böyüdüb.
Ceyn döş xərçənginə qalib gəlib və ağciyər xəstəlikləri ilə üzləşib. Bill isə infarkt keçirib. Buna baxmayaraq, hər iki əkiz 100 yaşına çatmağı bacarıb.
Onların hekayəsi uzunömürlülükdə genetika ilə yanaşı, sağlam həyat tərzinin də mühüm rol oynaya biləcəyini göstərir. /Publika.az/