İnsan nə vaxt “alkoqolik” sayılır? – Cavabı təəccübləndirəcək


Sosial mediada alkoqol qəbul edən hər kəsin avtomatik olaraq “alkoqolik” hesab edilməsi ilə bağlı fikirlər səslənir. Lakin tibbi baxımdan insanın alkoqoldan asılı olub-olmadığını yalnız qəbul etdiyi içkinin miqdarına əsasən müəyyənləşdirmək düzgün deyil.

Turkustan.az xəbər verir ki, mütəxəssislərin fikrincə, alkoqol asılılığını müəyyənləşdirərkən əsas diqqət insanın içkiyə nə dərəcədə ehtiyac duymasına, qəbulunu idarə edə bilməsinə və bunun gündəlik həyatına təsirinə yönəldilir.

Bir insanın alkoqoldan asılı olub-olmadığını anlamaq üçün bir sıra suallara cavab vermək lazımdır. Məsələn, insan həqiqətən içkiyə ehtiyac duyur, yoxsa sadəcə içmək istəyir? Alkoqol qəbul etmədikdə əsəbi, gərgin və ya narahat olur? Baş ağrısı, tərləmə, titrəmə, yuxusuzluq, ürəkbulanma və ürəkdöyünmə kimi əlamətlər yaranır?

Digər mühüm məqam isə içməyə başladıqdan sonra insanın özünü nə dərəcədə idarə edə bilməsidir. Məsələn, bir və ya iki içkidən sonra dayana bilir, yoxsa planlaşdırdığından daha çox içməyə davam edir? Daha bir neçə içki qəbul etmək üçün davamlı bəhanələr axtarır? Alkoqol zaman keçdikcə iş, ailə, sosial münasibətlər və digər məsuliyyətlərin önünə keçir?

Bundan başqa, qəbul edilən alkoqol miqdarının zamanla artması və mənfi nəticələrə baxmayaraq içməyə davam etmək də ciddi xəbərdarlıq əlamətləri hesab olunur.

Bu baxımdan hər gün müəyyən miqdarda alkoqol qəbul edən insanı avtomatik olaraq “alkoqolik” adlandırmaq düzgün deyil. Məsələn, hər gün işdən sonra iki pivə içib daha sonra ailəsinin yanına qayıdan şəxslə alkoqol üzərində nəzarəti itirmiş insan eyni vəziyyətdə olmaya bilər. Əsas məsələ içkinin tezliyi ilə yanaşı, onun insanın davranışlarına və həyatına necə təsir etməsidir.

Tibbdə də “alkoqolizm həddi” kimi konkret və hamı üçün keçərli olan müəyyən alkoqol miqdarı mövcud deyil. Müasir diaqnostik sistemlərdə daha çox Alkoqol İstifadəsi Pozuntusu (Alcohol Use Disorder – AUD) termini işlədilir.

DSM-5 və DSM-5-TR diaqnostik meyarlarına əsasən, AUD son 12 ay ərzində müəyyən kriteriyalardan ən azı ikisinin mövcudluğu əsasında qiymətləndirilir. Pozuntunun ağırlıq dərəcəsi isə qarşılanan meyarların sayına əsasən yüngül, orta və ya ağır formada müəyyən edilir.

CAGE, MAST və AUDIT kimi testlər isə birbaşa diaqnoz qoymaq üçün deyil, alkoqoldan istifadənin risklərini müəyyənləşdirmək və ilkin skrininq aparmaq üçün istifadə olunur.

Beləliklə, “alkoqolik olmaq üçün gündə filan qədər içki içmək lazımdır” fikri tibbi baxımdan doğru deyil. Əsas məsələ insanın nə qədər və nə qədər tez-tez içməsi ilə yanaşı, alkoqolu idarə edib-etməməsi, içmədikdə hansı vəziyyətə düşməsi və içkinin həyatına nə dərəcədə təsir göstərməsidir.

Xüsusilə alkoqol qəbul edilmədikdə titrəmə, tərləmə, ürəkbulanma, güclü narahatlıq kimi çəkilmə əlamətləri yaranırsa, insan içkini dayandıra bilmirsə və mənfi nəticələrə baxmayaraq qəbul etməyə davam edirsə, bu, alkoqol istifadəsi pozuntusunun əlaməti ola bilər.


MANŞET XƏBƏRLƏRİ