"Qiyamət Radiosu" kimi tanınan "UVB-76" radiostansiyası üç il əvvəl - Ukraynada "xüsusi hərbi əməliyyatın" başlamasına bir ay qalmış yayımlanan iki mesajı təkrar ötürüb.
Turkustan.az xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən “UVB-76 Loqi” "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, "Qiyamət Radiosu" avqustun 25-də Moskva vaxtı ilə saat 13:12-də (Bakı vaxtı ilə 14:12) daha öncə 24 yanvar 2022-ci ildə yayımlanan sirli “nardosaj” sözünü təkrar yayımlanıb.
Moskva vaxtı ilə saat 14:25-də (Bakı vaxtı ilə 15:25) bu mesajın ardınca "puloled" sözü olan başqa bir şifrəli mesaj ötürülüb. Eyni sözü radiostansiya 25 yanvar 2022-ci ildə yayımlamışdı.
Xatırladaq ki, avqustun 12-də "UVB-76" Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın görüşünün dəqiq yeri açıqlanmazdan bir neçə dəqiqə əvvəl müəmmalı mesaj yayımlamışdı: "NZhTI 12687 TOLKOSRAM 9585 4510".
"UVB-76" stansiyası 1970-ci illərdən fəaliyyət göstərir. Radiostansiyanın Soyuq Müharibənin qızğın vaxtında SSRİ-də yaradılan sistemin bir hissəsi olduğu və Rusiya tərəfindən hələ də istifadə edildiyi iddia edilir. Burada vaxtaşırı olaraq rus dilində sadə insanlar üçün anlaşılmaz səsli mesajlar yayımlanır. /Publika.az/